18 iyun 2024 21:22
384

Ermənistan rəhbərliyi və Makron diktaturasına XƏBƏRDARLIQ

Qərbin fitvası ilə çox ölkələr, o cümlədən İraq, Liviya, Əfqanıstan, Gürcüstan, Ukrayna viran qoyulub. Son illər baş vermiş rəngli inqilabların, hərbi çevrilişlərin, vətəndaş müharibələrinin müəllifi də hər zaman demokratiyadan, əmin-amanlıqdan dəm vuran Qərb olub. Artıq xeyli vaxtdır ki, Qərb Cənubi Qafqazda öz siyasəti olmayan Ermənistanı da, əgər belə demək mümkünsə, qaralayıb. Hətta Qərb rəsmi İrəvanı Moskva ilə bütün əlaqələri kəsməyə çağırır və onu Rusiya ilə əlaqədar olan  ümumi inteqrasiya birliklərindən çıxarmağa çalışır. Faktiki olaraq bütün iqtisadiyyatı Rusiyadan asılı olan və Qərbin vədlərinə uyan Ermənistanın bir neçə müddətdir ki,  bu ölkəyə qarşı sərt ritorika nümayiş etdirməsi, KTMT-dən çıxacağını bildirməsi elə bu amildən irəli gəlir. Bütün bunlar da təcavüzkar ölkənin Qərb sularında üzmək həvəsindən xəbər verir. 

Üstəlik, son günlər Ermənistana gəlib-gedən Qərbin nümayəndələrinin sayı da armaqdadadır. Belə ki, ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə baş müavini Riçard Verma iyunun 17-də Ermənistanda olub. Bundan bir neçə gün əvvəl, daha doğrusu, iyunun 11-də sözügedən qurumun Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ABŞ-Ermənistan Strateji Dialoqunun İrəvanda keçirilən yekun iclasında iştirak edib. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono isə mayın 6-da İrəvanda səfərdə olub. Onların  gündəmini əsasən yeni iqtisadi imkanların araşdırılması təşkil etsə də, görünən budur ki, rəsmi Vaşinqtonun əsas məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışıdırıb çıxarmaq məqsədilə ikinci cəbhə açmaq, regionu amerikalıların geosiyasi gündəminə uyğun olaraq yenidən formalaşdırmaqdır. Yeri gəlmişkən qeyd edək ki, ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Brayn İrəvanda bildirmişdi ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi uzunmüddətli münaqişəyə son qoymaqla yanaşı, Rusiyanın regiona təsirini azalda bilər. Elə hələ də müstəmləkəçilik siyasətindən əl çəkməyən, ölkəmizə qarşı hədyanlar səsəndirən, təcavüzkar ölkəni silahlandırmaqda davam edən  Fransa da Ermənistanda eyni havanı çalmaqadır. 

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya işgüzar səfəri çərçivəsində iyunun 17-də Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın “KNDS” hərbi-sənaye şirkəti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Ermənistan mətbuatının yazdığına görə,  Fransanın müdafiə naziri Sebastyan Lekornu bu görüşlə bağlı X sosial şəbəkədə məlumat yayıb: “Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim oldu. Yeni mühüm mərhələ CAESAR silahlarının alınması üçün müqavilənin imzalanmasıdır”. Qeyd edək ki, CAESAR özüyeriyən silahı zirehli kabinli Renault Sherpa 10 yük maşını şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır. Xatırladaq ki, bundan əvvəl Fransa Senatı Ermənistana tez bir zamanda Sezar təyyarələrinin verilməsi məsələsinə baxmağa çağırmışdı. Bəzi məlumatlara görə, İrəvan Fransaya hərbi heyət göndərilməsi təklifi ilə də müraciət edib. Bu kimi səbəblərdən Ermənistanın anti-Rusiya ritorikası getdikcə genişlənir. 

Bir tərəfdən də Avropa İttifaqının Müşahidə-Monitorinq Missiyasının (EUMA) mənsublarının Ermənistanın Azərbaycanla şərti dövlət sərhədi boyunca dolaşıb ərazilərimizə binoklla boylanmaqdadırlar. Şübhəsiz, bu kimi addımlar Cənibi Qafqaza yaxşı heç nə vəd etmir. Halbuki  ABŞ Bakı və İrəvan arasında yekun sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesi tam dəstəklməsini bəyan edib. Bu isə sadəcə Cənubi Qafqazda dayanıqlı sülhün və qalıcı stabilliyin bərqərar olmasına, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yalnız sözdə "dəstək" verməkdir. Əməl isə göz qabağındadır. 

Qeyd edək ki,  Azərbaycan Müdafiə Nazirliyi də Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında yayılan məlumatlara münasibət açıqlayıb.  Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur. MN qeyd edib ki, Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.  Nazirlik xəbərdarlıq edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.

Ekspertlərin fikincə, Ermənistanın  Qərbə inteqrasiya ilə bağlı qısa zaman kəsiyində atdığı kəskin addımlar çox ağır əks-nəticələr, reaksiyalar doğura bilər. Bu gərginliyin isə İrəvana, o cümlədən Cənubi Qafqaza  ancaq zərəri var.  Çünki istər ABŞ-ın, istərsə də Fransanın bu kimi addımları həm də Cənubi Qafqazda vəziyyətin daha da gərginləşməsinə, sülh danışıqlarının konturlarının cızılmamasına  xidmət edir. Amma Qərb unutmasın ki, tək Ermənistanı yanına almaqla və Azərbaycanın milli maraqları əleyhinə addımlar atmaqla burada qələbə qazanmaq, bölgəyə yerləşmək mümkün deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”