19 iyun 2024 13:05
541

Planetimizin gələcəyi  - Azərbaycanın gündəmi

Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. 

Bu fikirlər Prezident İlham Əliyevin Bakıda 100 qonağın iştirakı ilə “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətində yer alıb.

 Ötən ilin sonunda Azərbaycanın dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görüldüyünü xatırladan Prezident İlham Əliyev ölkəmizin bu mötəbər tədbirə var gücü ilə hazırlaşdığını, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmədiyini bildirib. 

Qeyd edək ki, qlobal istiləşmənin qarşısını almaq üçün bu günə qədər dünya ictimaiyyəti tərəfindən mühüm addımlar atılıb. Amma dövlətimizin başçısının sözlərinə görə,  qarşımızda hələ də yeni çağırışlar və gündən-günə ciddiləşən təhdidlər dayanır: “Eyni zamanda artıq hamı tərəfindən qəbul olunmuş reallıq budur ki, qlobal istiləşməni 1,5 C° səviyyədə saxlamaq məqsədilə beynəlxalq ictimaiyyətin səylərini səfərbər edərək birgə təcili tədbirlərin görülməsi və təxirəsalınmaz addımların atılması üçün vaxtımız azalır”. Dövlətimizin başçısı, həmçinin bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmizin digər dövlətlərlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər tapmağa çalışacağını da vurğulayıb.

Qeyd edək ki, Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaqdır. Dövlətimizin başçısının sözlərinə görə, iqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir:  “Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcəkdir”. Prezident, həmçinin bildirib ki, iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaqdır. Bu da Azərbaycanın belə dövlətlərə necə həssas yanaşdığını bir daha sübut edir. Yeri gəlmişkən qeyd edək ki, Bakıda keçiriləcək COP29 zamanı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını keçirilməsi də planlaşdırılıb.

Müraciətin sonunda Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin mitiqasiya və adaptasiya, maliyyələşmə, iqlim dəyişmələri və onun biomüxtəlifliyə, su və qida təhlükəsizliyinə olan təsirləri, ərzaq və kənd təsərrüfatı sektorunun hazırkı vəziyyəti, elm, texnologiya və innovasiyanın rolu kimi mövzular ətrafında müzakirələr aparmaqla, COP29-a hazırlıq mərhələsində iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına və planetimiz üçün həyati vacib olan qərarların qəbul edilməsinə öz töhfəsini verəcəyinə inandığın qeyd edib.

Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçıları Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un yüksək səviyyədə təşkil olunacğını və bəşəriyyət üçün faydalı olacağını bildiriblər. Məsələn, COP29-un bəşəriyyət ilə təbiət arasında sülhün bərqərar edilməsi üçün keçirilən tədbir olduğunu qeyd edən BMT Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər və müdafiə naziri Maria Fernanda Espinoza  vurğulayıb ki, COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq: “Biz uğurun bir hissəsi və COP29-un səfirləri olmaq istəyirik”.

Məlumat üçün bildirək ki,  8 paneldən ibarət bu tədbirdə iqlim dəyişikliyi ilə əlaqar bir sıra mövzular ətrafında müzakirələr aparılacaq. Panel müzakirələrdən biri işğaldan azad edilmiş Zəngilan rayonunda təşkil olunacaq. Tədbir işini iyunun 21-də yekunlaşdıracaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”