21 iyun 2024 02:58
454

COP29-a hazırlığın fəal mərhələsi

Bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq  prosesi irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və Bakı konfransının uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edir

Müasir dövrümüzün ən mühüm problemlərindən sayılan iqlim dəyişikliyi artıq bütövlükdə Yer kürəsi üçün qlobal təhdidə çevrilib. Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

BMT-nin bəyan etdiyi Davamlı İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan milli səviyyədə ekoloji siyasətinin konkret istiqamətini müəyyənləşdirib . Bu yaxın perspektivdə “sıfır emissiya” hədəfinə çatmaqdır. COP29 tədbirinə ev sahibliyi etməyin məsuliyyətini öz üzərinə götürməklə Azərbaycan problemə həssas yanaşmasını bir daha nümayiş etdirib. Hazırda Azərbaycan beynəlxalq iqlim konfransına intensiv hazırlıqlar həyata keçirir

Azərbaycanın liderlik keyfiyyətləri nümayiş etdirməsi və noyabrda ev sahibliyi edəcəyi COP29 konfransına məsuliyyətli hazırlıqlar həyata keçirməsi, tədbirlə bağlı ciddi gündəlik müəyyənləşdirməsi, kiçik ada dövlətlərinin mövcudluq probleminə və digər aktual məsələlərə diqqət çəkməsi beynəlxalq səviyyədə müsbət nümunə kimi qəbul olunur. Elə bu günlərdə Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lər Azərbaycanın COP29 ölkəsi kimi bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyətini təqdir edən bəyanat yayıb.

COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda  keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantında çıxış edən COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkəmizin COP29-u inklüziv, şəffaf və ədalətli şəkildə təqdim etməyə sadiq olduğunu diqqətə çatdırıb: “COP29 Sədrliyi olaraq bütün fikirləri eşitmək, iqlim dəyişikliyi üçün hər kəsi ortaq həllər tapmağa səsləmək vacibdir”. Nazir, həmçinin bildirib: “Ötən aylar ərzində komandamız müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və dərin məsləhətləşmələr aparıb. Bu görüşlər ambisiyaları artırmaq və hərəkətə keçmək üçün yeni fürsətlər yaradıb”.

BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər və müdafiə naziri Maria Fernanda Espinoza Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıq məqsədilə təşkil olunan Yüksək Səviyyəli 29-cu Toplantında bir araya gəlməkdə məqsədin iqlim dəyişikliyi ilə mübarizədə əsas məsələlərlə bağlı müzakirələr aparmaq olduğunu deyib. Bildirib ki, COP-un bu günü və gələcəyi hamımız üçün mühümdür.

M.Espinoza vurğulayıb ki, COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq. İnanırıq ki, tədbir prosesə inamı və legitimliyi gücləndirəcək.COP29-un bəşəriyyət ilə təbiət arasında sülhün bərqərar edilməsi üçün keçirilən tədbir olduğunu bildirən qonaq deyib: “Biz uğurun bir hissəsi və COP29-un səfirləri olmaq istəyirik”.

CGIAR şirkətinin icraçı direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş elmi işçisi İsmahane Elouafi qeyd edib ki, COP29-da müzakirə olunacaq məsələlər problemin həlli yollarının tapılması istiqamətində çox vacibdir. “Ümid edirəm ki, gələcək nəsillərə dünyanı daha sağlam və yaşanıla biləcək bir yer olaraq ötürə bilərik”, - deyə o vurğulayıb.

Göründüyü kimi, bu gün dünyanın bir sıra regionlarının enerji təminatçıları sırasında yer alan Azərbaycan yeni dövr üçün yeni prioritetlər müəyyənləşdirir və bu prioritetləri həyata keçirir. Başqa sözlə, Azərbaycan yaşıl hədəflərini inkişaf etdirərək iqlim dəyişikliyinə qarşı mübarizədə özünün iradəsini ortaya qoyur. Bu amil isə bütün dünya üçün həm örnək sayılır, həm də əsas prioritetlərdən birinə çevrilməyi bacarır. Azərbaycanın irəli sürdüyü beynəlxalq təşəbbüslər, qlobal problemlərə qarşı birgə mübarizə metodları formalaşdırması hər zaman müsbət sonluqlarla nəticələnib. Təcrübə göstərir ki, ölkəmizin iştirakı və ya təşkilatçılığı ilə baş tutan demək olar ki, bütün məsələlər müsbət şəkildə yekunlaşır. Bu mənada, bir neçə aydan sonra Bakıda reallaşacaq COP29-un da mövcud problemlərə qarşı mübarizədə mühüm bir həlqəyə çevriləcəyinə ümid böyükdür.

Yaqut Ağaşahqızı, “İki sahil”