21 iyun 2024 10:26
397

Ordu günü azərbaycançılığın günüdür

Azərbaycanın dövlət müstəqilliyi 1920-ci ildə ilhaq olunmuşdu. Xalq bu ilhaqı sonlan­dır­maq, dövlət müstəqilliyini yenidən tarixə qaytarmaq üçün mübarizə aparırdı. Bu mübarizə get­dik­cə təşki­lat­lanırdı. İmperiyanın sərt təhdidlərinə baxmayaraq mübarizlərin apardığı mübarizə getdikcə geniş­lə­nir­di. Ermənistanın Azərbaycandan ərazi iddiası bu mübarizəni daha da kükrət­miş­di. Bu mübarəzənin hərəkətverici qüvvəsi xalq olmuşdu. Xalq həm Ermənistanın ərazi iddia­sın­dan əl çəkməsini, həm də Azərbaycanın işğala meyilli respublikaya havadarlıq edən imperi­ya­dan ayrılmasını tələb edirdi. Mi­tinq­lərdə milyonlar iştirak edirdi. Dünya miqyasında bu səviyyədə milli-azadlıq mübarizəsi olma­mış­dı. İmperiya bu mübarizəni dayandırmaq üçün 1990-cı ilin 20 yan­varında Bakıda qırğın törətsə də is­tə­yi­nə nail ola bilmədi. 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı qəbul olun­du.

Azərbaycan digər təsisatlarla yanaşı ordusunu da yaratmağa başladı.

Azərbaycan ordusunun yarandığı vaxtlarda Ermənistan Azərbaycana qarşı elan etmədən mühari­bə­yə başlamışdl. Ordu döyüşə-döyüşə yaranırdı. Həmin vaxtlarda Azərbaycanda siyasi vəziy­yət də gərgin idi. Dövlətin idarə edilməsində ciddi problemlər yaranmışdı, ordu da şəxsi ambisiyalara cəlb olunmuşdu. Bunların nəticəsi kimi respublikada vətəndaş qarşıdurması yaranmışdı. Onda xalq ciddi tələblə böyük tarixi şəxiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi...

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə siyasi gərginlik aradan qaldırıldı, döv­lət­çiliyin itirilməsi təhlükəsi dəf edildi. Ərazi özünümüdafiə taborlarının buraxılması, vahid koman­dan­lı­ğın yaradılması ilə ordu nizami ordu kimi formalaşmağa başladı. Bu dövr həm də ordu quruculuğunda Heydər Əliyev dövrü kimi tarixləşdi.

Ümummilli lider Heydər Əliyev 1996-cı il fevralın 2-də demişdi: “Ordu mövzusu, ordunun yaran­­ması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”

Dahi tarixi şəxsiyyət hələ sovetlər dönəmində Azərbaycanda digər sahələrlə bir sırada hərbçi kadr­ların hazırlanması istiqamətində də mühüm işlər görmüşdü. Moskvanın ciddi etirazlarına bax­ma­ya­raq 1971-ci ildə Bakıda ibtidai hərbi məktəbin yaradılmasına nail olmuşdu. Bu məktəbdə təhsil alanlar sonralar Azərbaycanda ordu quruculuğunda böyük xidmətlər göstərmişdi, Azərbay­ca­nın dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan ordusunda xidmət etməklə ordunun nizami ordu kimi formalaşmasının fəal iştitakçısı olmuşdu. Məktəbin onlarla məzunu Azər­baycanın Milli Qəhrəmanı, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb fəa­liy­yətini Hərbi Lisey kimi davam etdirir. Bu lisey indi ordu quru­culuğunun əsas bazalarından birinə çev­rilib. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbay­canlı gənclərin Bakı Ali Birləşmiş Koman­dan­lıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəb­lə­rinə güzəştli şərtlərlə qəbul olunması prosesi genişləndi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandı. Bu müqavilə Azərbaycanda ordu quruculu­ğu­nun yeni mərhələsini müəy­yənləşdirdi. Azərbaycan Silahlı Qüvvələrinin formalaş­ma­sı daha da sü­rətləndi. Həyata keçi­rilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırıl­ma­sına, şəx­si heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yük­səldil­mə­sinə xüsusi diqqət ayrıldı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il mayın 22-də imzala­dı­ğı Fərmana əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbay­can Res­publikası Silahlı Qüvvələr günü elan olundu. Bu, tarixə ordu günü kimi daxil oldu və böyük təntənə ilə qeyd olunur.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əmək­daş­lığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdiril­mə­sinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proq­ramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüv­vələrin tərkibində Kosovoda, Əfqa­nıs­tanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azər­baycan Ordusu modern orduya çevrildi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Ordu olmalıdır, ona görə yox ki, biz ha­ns­ısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər döv­lətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan iba­rət­dir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz ol­ma­lıdır. Biz ordu quru­cu­luğu işi ilə məşğul oluruq”.

2015-ci ilin Aprelində Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısını alan Azər­bay­can ordusunun hissələri aprelin 1-dən 5-nə kimi 2000 hektardan çox ərazini işğaldan azad etdi. Aprel dö­yüş­ləri kimi tarixləşən bu döyüşlər ordunun şəxsi heyətinin döyüş əzmini də yüksəltdi, qələbə ruhunu da. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu döyüşlərdə qazanılan qələbəni yük­sək dəyərləndirərək demişdi ki, Aprel qələbəsi dərsliklərə salınmalıdır.

Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt uğurlu əməliyyatı nəticəsində Naxçıvan Muxtar Respub­li­kasının 11 min hektardan artıq ərazisi və Şərur ra­yo­nunun Günnüt kəndi düşməndən azad edi­lə­rək dövlət sərhədi boyunca əlverişli mövqelər Azər­bay­can Ordusunun nəzarəti altına keçdi. Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əl­verişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dün­yanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiy­yətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yax­şılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inki­şaf edən hərbi sənaye ordunu müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlarla təmin edir. Azərbaycanın zavodlarında istehsal edilən hərbi təyinatlı məhsullar da silahlanmaya yönəldilir, bunlar ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi tex­ni­kaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Ermənistan silahlı birləşmələri 2020-ci il sentyabrln 27-də yenə ərazilərimizə hücum etdi. Ordu hissələrimiz hücumun qarşısını aldı. Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu, İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Sent­yab­rın 30-da Mərkəzi Hərbi Kliniki Hospitalda müalicə olunan yaralı hərbi qulluqçularla görüş­də əks-hücum əmrinin döyüşlərini "Vətən uğrunda gedən döyüşlər" kimi səciyyələndirdi, okt­yabr ayının 26-da xalqa müraciətində bu müharibəni "Vətən müharibəsi" adlandırdı – İkinci Qarabağ mü­h­aribəsi Vətən müharibəsi kimi tanındı. Bu tanınma ordu quruculuğunun yeni mərhələsini müəy­yən­ləşdirdi. Vətən müharibəsi ordunun döyüşə-döyüşə yeni inkişaf mərhələsi oldu...

Azərbaycan ordusu qısa müddəətdə düşmənin müdafiə sədlərini dağıtdı, döyüşə-döyüşə irəlilə­di. Noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Bu qələbə müharibənin sonu oldu. Noyabrın 10-da üçtə­rəf­li Bəyanat imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət sənədi, Ermənistanın məğlubiyyət sənədi oldu. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Penta­qo­nun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılmasını zəruriləşdirdi. Bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılması ilə nəticələndi, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı.

Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Tür­ki­yə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə keçməsi barədə göstəriş verib. Bununla bağlı Azərbaycan Ordusunun təşkilati-ştat strukturu optimallaşdırılıb, idarəetmə təkmilləşdirilib və əməliyyat qabiliyyəti inkişaf etdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib:“Bu gün bizim ordumuz dün­ya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azər­bay­can xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurma­la­rını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan son­ra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşa­yacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqa­mətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proq­ramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır...

26 iyun Azərbaycan ordusunun yaranması günüdür, bu gün xalqın ruhunun günüdür, bu gün ordumuzun qüdrətinin günüdür, bu gün azərbaycançılığın günüdür.

Bayramınız mübarək, əziz hərbçilərimiz!..

Səbinə Xasayeva,

Milli Məclisin deputatı