29 iyun 2024 16:41
177

“Exit-poll” keçirmək niyyətində olan təşkilatların nəzərinə!

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi və həmin təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsinə dair müddətə aydınlıq gətirilib.

“İki sahil” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 20 gün qalanadək “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət avqustun 12-dək olan dövrü əhatə edəcək.

Səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.