29 iyun 2024 19:25
161

İzmirdə meşə yanğını baş verib

Yanğının söndürülməsinə 5 təyyarə, 13 helikopter, 35 su tankeri, 7 su təchizatı maşını və 4 buldozer cəlb edilib

Türkiyədə meşəlik ərazilərdə yanğın baş verib.

“İki sahil” xəbər verir ki, İzmirin Menderes və Çeşmə rayonlarında meşəlik ərazidə baş verən yanğına havadan və qurudan müdaxilə edilir. Bəzi evlərə və istixanalara zərər dəyib. Menderesdə yanğının baş verdiyi əraziyə yaxın olan Çamönü səmtində insanlar təxliyə edilib.

Yanğının söndürülməsinə İzmir Meşə Region Müdirliyinə məxsus 5 təyyarə, 13 helikopter, 35 su tankeri, 7 su təchizatı maşını və 4 buldozer cəlb edilib.

Meşə Regional Müdirliyi yanğının yerli vaxtla saat 12.53-də başladığını və ilk müdaxilənin saat 13.05-də edildiyini bildirib.

Qruplar havadan və qurudan müdaxilə ilə yanğını nəzarət altına almağa çalışır.

Meşə Təsərrüfatı Regional Müdirliyinin qruplarına müxtəlif bələdiyyələrin yanğınsöndürmə briqadaları və Əyalət Polis İdarəsinə bağlı TOMA-lar da dəstək verir.

Meşə sahəsindəki bəzi hobbi bağçası tipli evlər yanğınla əlaqədar boşaldılıb. Jandarma qrupları evlərin olduğu ərazidə sirenlər çalaraq vətəndaşlardan ərazini tərk etmələrini istəyib.

Bölgədə evi olan bəzi vətəndaşlar şlanqlarla evlərinin damına, nəqliyyat vasitələrinə və torpaq sahələrinə su tökərək yanğına qarşı tədbir görüblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”