28 iyun 2024 02:15
703

Özünə quyu qazan ölkə

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının toplantısında belə bir fikir söyləyib: “Azərbaycan deyir ki, “siz məni 30 il yaşamağa qoymadınız, mən də sizin yaşamağınıza imkan verməyəcəyəm” və bu, bizim öhdəsindən gəlməli olduğumuz ən böyük problemdir”.

Bəri başdan qeyd edək ki, Azərbaycan heç də Ermənistandan yerinə yetirilməsi mümkünsüz olanları tələb etmir. Sadəcə, rəsmi Bakı Ermənistandan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrasını, həmçinin konstitusiyasından və digər qanunvericilik aktlarından ölkəmizə qarşı olan ərazi iddiaları ilə bağlı müddəaların çıxarılmasını istəyir.  Amma Ermənistan hələ də bu kimi məsələlərdə, həmçinin işğal altında saxladığı kəndlərimizin qaytarılmasında nala-mıxa vurmaqdadır. Şübhəsiz, belə “mövqe” Hayastanın Cənubi Qafqazda öz məqsədlərini gerçəkləşdirmək niyyəti güdən xaricdəki havadarlarının, xüsusilə Fransanın diktəsindən qaynaqlanır. Yeri gəlmişkən,  Azərbaycan və Ermənistan arasında  sülh müqaviləsinin imzalanmasına maneçilik törədənlərin başında Fransanın durduğu kimsəyə sirr deyil.

Amma Paşinyan bir məsələdə haqlıdır ki, Azərbaycanın tələblərini yerinə yetirməmək Ermənistana normal həyat vəd etmir. Belə gedişlə bu ölkə regional kommunikasiyalardan da kənarda qalmaqda davam edəcək. Bu isə Ermənistanın iqtisadiyyatının çöküşü ilə nəticələnəcək. Di gəl,  təcavüzkar ölkə bu reallığı dərk edə bilmir. Şübhəsiz, rəsmi Bakı da bu kimi addımlarla Ermənistanı gözləyən fəlakətlərdən sığortalamaq istəyir. Yəni,  diplomatik təşəbbüsləri və normallaşma prosesləri ilə dəstəklənən sabitliyə və iqtisadi inkişafa sadiqliyini nümayiş etdirir. Amma görünən odur ki, hazırda sürətlə silahlanan Ermənistan bu tələbləri yerinə yetirməməklə, necə deyərlər, özü-özünə quyu qazır. Elə son günlər Naxçıvan və Kəlbəcər istiqamətlərində atəşkəsin pozulması, iyunun 17-də İrəvanın Parislə "Caesar" özüyeriyən artilleriya qurğularının alqı-satqısına dair saziş imzalaması bunu bir daha sübut edir. Onu da bildirək ki, son aylar Ermənistanın silahlanması adi hala çevrilib. Özü də təcavüzkar ölkə   silahlanmanı nümayişkəranə şəkildə həyata keçirir. Silahlarla bağlı sövdələşmə, eləcə də atəşkəsin pozulması təsdiq edir ki, Ermənistan sülhdən danışsa da, arxa planda müharibəyə hazırlaşır. Hətta erməni hərbi ekspert Vitali Manqasaryan da bildirib ki, mümkün müharibədə Ermənistanı ağır məğlubiyyət gözləyir. Bəli, bununla da təcavüzkar ölkə əgər belə demək mümkünsə özü öz qəbrini qazır. Bu da Ermənistanın hələ də sülh danışıqlarına barmaqarası baxmaqda davam etməsindən irəli gəlir. Bir sözlə, Ermənistan Azərbaycanla sülhün və faydalı əməkdaşlığın yollarını axtarmaq əvəzinə atəşkəsi pozmaqla, silahlanmaqla özü üçün təhlükəli “hərbi ssenarilər” üzərində “baş sındırır”. Başqa sözlə desək, işğalçılıq siyasətini davam etdirmək üçün fürsət axtarır.

Bütün bunlara rəğmən, Ermənistan müxtəlif təkliflər irəli sürməklə özünü aydan arı, sudan duru aparmaqdadır. Məsələn, Nikol Paşinyan bir neçə gün öncə Bakıya sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm yaratmağı təklif etməyə hazır olduğunu bildirib. Məgər Paşinyan atəşkəsin həmişə Ermənistan tərəfindən pozulduğunu bilmirmi? Elə bunu  rəsmi İrəvanın dəvəti ilə bu ölkəyə gəlmiş Qərbin missiyası da görür. “Mexanizm” planında Fransanın maraqlı olduğu istisna edilməməlidir. Yaxşı olardı ki, Paşinyan Azərbaycan əsgərinə qarşı  açılan atəşi müəyyənləşdirmək üçün “ortaq komissiya” yaratmaq əvəzinə, öz ölkəsinin ordusunu quldur, terrorçu və təxribatçılardan təmizləsin və yaxud  müdafiə nazirindən nələrin baş verdiyi barədə  hesabat tələb etsin.

Şübhəsiz, bütün bunlar Ermənistanın istər daxili, istərsə də xarici siyasətində anlaşılmazlıqların hökm sürməsindən xəbər verir. Elə bunun nəticəsidir ki, Ermənistanın daxilindəki revanşist qüvvələr də fəallaşıblar.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Nikol Paşinyanın həmin  açıqlaması sadəcə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ciddi hazırlaşan Azərbaycanı sözün həqiqi mənasında şərləməkdən başqa bir şey deyil. Halbuki, Azərbaycan Ermənistanı yaşatmamağa yox, sadəcə, beynəlxalq hüquq  normaları çərçivəsində hələ də işğal altında saxladığı kəndlərimizin qaytarılmasını, ölkəmizə qarşı ərazi iddialarının konstitusiyasından götürülməsini, sərhədlərin qarşılıqlı şəkildə tanınmasını  tələb edir. Ermənistan isə göründüyü kimi, bütün bunların fonunda öz ənənəsinə uyğun olaraq min cür oyundan çıxır. Bəli, bu gün Ermənistan destruktiv addımlar atmaqla  durumunu daha da ağırlaşdırır.

Qvami Məhəbbətoğlu, “İki sahil”