01 iyul 2024 23:15
286

Tarif Şurasından yeni qərar: Dayanıqlı və keyfiyyətli xidmətə töhfə

Qiymət tənzimlənməsi: Əlavə vəsait sosialyönümlü tədbirlərə yönəldiləcəkdir

Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.

Aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə AVRO-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir.

Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib. 

Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərclərin azaldaraq istismar müddətini uzadacaq.

Araşdırmalar göstərir ki, ətraf mühitin çirklənməsinin böyük bir hissəsini avtomobillərdən müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazlar təşkil edir.

Havanın çirklənməsi ilə bağlı dünya ölkələrində əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha böyük ekoloji zərəri nəzərə alınaraq istehlakının azaldılması üçün tədbirlər görülür. Bu məqsədlə bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun. Aİ-da benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən mümkün olmayacaq. Artıq qlobal səviyyədə böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçib. Nəqliyyat emissiyalarının ətraf mühitə mənfi təsirinin azaldılması üçün yanacağın da keyfiyyətinin artırılmasına zərurət var. Bu baxımdan “Avro-5” müasir standartlara uyğun hesab edilir. Ekoloji tələblər nəzərə alınaraq Azərbaycanda “Avro-5” ekoloji standartına uyğun yanacaq istehsalına başlanılıb. Avro-5” standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və ətraf mühitə tullantıları azaldır, mühərrikdə korroziya ehtimalı aşağı düşür, yanacaq istehlakını azaldır.

Statistika göstərir ki, Azərbaycana benzin mühərrikli avtomobillərin idxalı azalsa da, dizel mühərrikli avtomobillərin sayı artır. Dizel mühərrikli avtomobillərin havanı daha çox çirkləndirdiyini nəzərə alaraq, onların istifadəsinin azaldılması təşviq olunmalıdır. Qiymət dəyişikliyi yanacağa qənaət edən hibrid, elektrik və CNG (sıxılmış təbii qaz) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək.Yanacağın keyfiyyətinin yüksəldilməsi nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldacaq. Psixoloji təzyiq səbəbindən yanacağın qiymət artımının ilkin vaxtlarda qiymətlərin yüksəlməsinə təkan verəcəyi ehtimalı nəzərə alınaraq, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək.  İclasda bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb. 

Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.  Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl sektorun marağını azaldır.  Bununla əlaqədar olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər aşağdakı kimi təsdiq edilib.

Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə:

Bakı şəhəri üzrə:

-Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).

-Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).

-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.

Digər regionlar üzrə:

-Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).

-Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).

-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.

Hazırda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi zənciri üzrə xidmətin maya dəyəri ƏDV ilə birlikdə kub metrlə 25 manat, tonla isə 114 manat təşkil edir. İndiyədək son tarif tənzimlənməsindən ötən 13 il ərzində tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənmiş, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi məqsədilə konteynerlər yerləşdirilmişdir.

Bu sahədə tariflər sonuncu dəfə 13 il əvvəl - Tarif Şurasının 24.11.2011-ci il tarixli qərarı ilə müəyyən olunmuşdu. Bu 13 il ərzində ölkədə tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənib, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi üçün konteynerlər yerləşdirilib. Amma bu tariflər əsasında ödənişlər xidmətlə bağlı xərcləri qarşılamadığı üçün bu sahəyə  dövlət büdcəsindən subsidiya ayrılır. Aşağı tariflər bu sahəyə özəl sektorun marağını azaldır.Subsidiyanın ayrılması ilə tariflərin aşağı səviyyədə saxlanılması əhali və qeyri-əhali abonentlərinin uçotunun təşkili və yığımla əlaqədar problemlərə səbəb olur.Büdcədən əhəmiyyətli dərəcədə asılılıq dövlət tənzimlənməsinin təkmilləşdirilməsi siyasətinə uyğun gəlmir.Qeyd edilən səbəblər bu sahədə yeni tənzimləməni zəruri edir. Tarif dəyişikliyinin cüzi olması - əhali üzrə 1 nəfərin aylıq xərci cəmi 70 qəpik  artacaq. Digər ölkələrdə bu sahədə tariflərlə müqayisə aparmaq. Məsələn, əhali qrupu üzrə Rusiyada 9 manat/kub metr, Qazaxıstanda 2 manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kub metr, qeyri-əhali qrupu üzrə Rusiyada 16-20 manat/kub metr, Qazaxıstanda 7 manat/kub metr, Gürcüstanda 9,5 manat/kub metr, Belarusda 8,4-16,6 manat/kub metr arasında dəyişir.

Yeni tarif tənzimləməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək. 

İclasda idxaldan asılılığın aradan qaldırılması, rəqabət qabiliyyətli məhsulların ixracının stimullaşdırılması üzrə dövlətin iqtisadi siyasəti nəzərə alınaraq, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisinin tarifi tənzimlənib. Alüminium sənayesində olduğu kimi bu sahəyə də gecə və gündüz tarifi tətbiq ediləcək. 

Böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davamlıdır. Bu baxımdan iclasda yeni dövlət qeydiyyatına alınan 115 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılmışdır. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Əvvəlki tariflər xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermədiyindən sözügedən iclasda ictimai və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflərin yenilənməsinə dair qərar qəbul edilib.  Tariflərin yenilənməsi zamanı dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal tarif dəyişikliyi edilib.

Yeni tariflərin yaratdığı imkanlar isə bunlardır: Xidmət keyfiyyəti və müştəri məmnuniyyətinin artırılması, istehlakçı ilə xidmət göstərən tərəflərin maraqlarının uzlaşdırılması, xidmətin dayanıqlılığının və iqtisadi əlverişliliyin təmin olunması,ölkədaxili sərnişindaşıma xidmətləri üzrə davamlılığın təmin edilməsi, keyfiyyətin yüksəldilməsi, avtobus parklarının yenilənməsi, metro infrastrukturunun genişləndirilməsi, vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinə səbəb olan yeni sərmayələrin cəlbi.

Nəqliyyat sahəsində aparılan dövlət siyasəti ölkənin sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəlməsinə və dövlətin iqtisadi qüdrətinin artmasına yönəlib. Cari il ərzində yalnız Bakı şəhərində 200-dən çox avtobus istismara verilib. İl ərzində 160 elektrik avtobusunun sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır. Xidmət səviyyəsinin yüksəldilməsi, daha rahat və sürətli daşınmanı təmin etmək məqsədilə Bakıda 21 küçə və prospektdə uzunluğu 65 km olan xüsusi avtobus zolaqları təşkil edilib. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin təşkili üçün bu il daha 31 küçə və prospekti əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkili həyata keçiriləcək. Bakı şəhərinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə yeni marşrut şəbəkəsi təsdiq edilib. Yaxın günlərdə Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrində fəaliyyət göstərəcək 5 yeni marşrut olmaqla bu şəbəkənin tətbiqinə başlanılır. Uzun müddətdən sonra şəhərlərarası daşımalarda ilk dəfə olaraq Bakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə və Tərtər istiqamətlərində yeni avtobuslar istifadəyə verilib və bu proses davam edir.

Metro infrastrukturu və yeni stansiyaların tikilməsi üzrə işlər davam etdirilir. Ümumilikdə 65 yeni vaqon sifariş edilib, bu vaqonlardan 35 ədədinin bu ilin sonuna qədər ölkəyə gətirilməsi nəzərdə tutulur. Son bir ildə nəqliyyat sahəsinin modernləşdirilməsində nağdsız ödəniş və mobil tətbiqlərin  – “AYNA” informasiya sistemi, “Azparking” və “biletim.az” da daxil olmaqla bir sıra  rəqəmsal həllərin tətbiqinin xüsusi rolu olub. Son bir ildə sərnişindaşıma sahəsində aparılan islahatlar, bu sahəyə dövlətin dəstəyi metro və avtobuslarla sərnişin daşınmalarını 15%-ə yaxın artırıb.

Onu da qeyd edək ki, Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib. İşğaldan azad edilmiş ərazilərdə inşa edilən Füzuli və Zəngilan aeroportları da hava nəqliyyatı ilə ölkədaxili yeni tariflərlə vətəndaşların istifadəsi üçün açıq elan edilib. Yeniliklərin tətbiqi “Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına da öz töhfəsini verəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”