29 iyun 2024 20:59
185

Hindistan insanları Aya aparmaq üçün yeni nəsil raket hazırlayır

Hindistan ölkə astronavtlarını Aya aparmaq proqramı üçün yeni nəsil daşıyıcı aparat üzərində işə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) rəhbəri Şridhara Paniker Somnath NDTV-yə müsahibəsində bildirib.

"Biz NGLV (Next Generation Launch Vehicle) və ya “Surya” (Hinduizmdə günəş tanrısı) adlı yeni raket yaradırıq. O, hazırda dizayn mərhələsindədir və yeni maye oksigen və metan mühərrikinə sahib olacaq. Raketin aşağı pillələri üçün maye oksigen və metan mühərrikləri, yuxarı pillələrdə isə kriogen mühərriki olacaq. Məhz “Surya” raketi Hindistan kosmik gəmisini 2040-cı ilə qədər Ayın səthinə göndərəcək", Somnath deyib.

Hindistan son vaxtlar milli kosmik proqramları, o cümlədən Aysal proqramları fəal şəkildə inkişaf etdirir. 2023-cü il avqustun 23-də Hindistanın Çandrayaan-3 missiyasının enmə modulu Yer peykinin Cənub Qütbünün yaxınlığında uğurla eniş etdi. Hindistan SSRİ, ABŞ və Çindən sonra Aya yumşaq eniş edən dünyada dördüncü, Ayın Cənub Qütbünə yumşaq eniş edən ilk ölkə olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”