02 iyul 2024 00:02
223

2 iyul Azərbaycan Polisi Günüdür

Şərəfli və keşməkeşli yol keçən asayiş keşikçiləri

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 106-cı ildönümünü qeyd edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük vətənpərvərliklə mühüm rol oynayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi həkk olub.

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

2003-cü ilin oktyabrında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illər ərzində xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif Fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.

Bu gün müasirləşmə tendensiyası Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminat yaxşılaşdırılıb, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.

Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Xüsusi vurğulamaq lazımdır ki, ötən ilin əvvəlindən dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dönəmində də Azərbaycan Polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirir. Bu mühüm məsuliyyəti dərindən dərk edən Azərbaycan polisi xidməti vəzifələrini ən yüksək səviyyədə həyata keçirir. Azərbaycan polisi bu gün də pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparır.

Azərbaycan Polisinin xidmətləri Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. Dövlətimizin başçısı polis əməkdaşlarının pandemiya dövründə nümunəvi fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq. Nəyə görə kimsə özü üçün hansısa xüsusi imtiyaz yaratmaq istəyir. Buna gəldikdə də bildirməliyəm, pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək. Bu, bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır”.

Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının fəaliyyətinin təkmilləşdirilməsinə, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına xüsusi diqqət yetirir.

Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsində də nümayiş etdirdi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

Gündəlik həyatımızda kriminal elementlərlə qarşılaşmadığımız üçün polisin fəaliyyətini qabarıq şəkildə görməyə bilərik. Amma hər bir Azərbaycan vətəndaşı anlamalıdır ki, hazırkı təhlükəsizlik mühiti həm də polisin gözəgörünməz, önləyici fəaliyyətinin nəticəsidir. Bu gün ölkəmizdə ictimai asayişin və ictimai qaydanın keşiyində ayıq-sayıq dayanan Azərbaycan Polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlığa malikdir.

Son vaxtlar müxtəlif dövlətlər və onların strukturları, Azərbaycana münasibətdə daim təxribatçı mövqe tutan, daxildə iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmaq üçün səylər göstərirlər. Azərbaycan Polisi silahlı yolla mütəşəkkil cinayətkar qrupların Azərbaycanın konstitusion quruluşuna çıxanlara qarşı qətiyyətlə mübarizə aparır. Belə ki, polis əməkdaşlarımız bir neçə səsli-küylü cinayətlərin, o cümlədən Milli Məclisin deputatı Fazil Mustafanın həyatına sui-qəsd cinayəti törədənlərin saxlanılmasını təmin ediblər. Bu gün biz Azərbaycanın gənc nəslini narkotik vasitələrlə zəhərləməyə çalışılmasının və ifrat düşmənçilik tendensiyaların şahidi oluruq. İmanını, dinini itirən bəzi şəxslərin Azərbaycana gətirməyə çalışdığı “ağ ölüm”lə mübarizə istiqamətində Azərbaycan Polisinin mühüm rolu var.

Laçın-Xankəndi yolunda təşkil olunan ekofəalların aksiyasında Azərbaycan Polisi nümunəvi xidmət göstərdi. Polis əməkdaşları aksiya iştirakçılarının təhlükəsizliyini və mühafizəsini yüksək səviyyədə təmin etdi.

İyunun 24-də Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan Allahverdiyev Rövşən Oqtay oğlu saxlanılarkən ailə üzvlərinin arxasında gizlənərək silahlı müqavimət göstərdiyi zaman polislərimizin davranışı da məhz həmin mərhəmətin, fədakarlığın, humanizmin nümunəsidir. Onlar – polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov öz canları bahasına başa gəlsə belə, R.Allahverdiyevin ailə üzvləri zərər çəkməsin, günahsız qadın, uşaqlar təhlükədən uzaq olsunlar deyə atəş açmadılar. Sonda cinayətkar, təbii ki, zərərsizləşdirildi. Ancaq Azərbaycan polisləri göstərdilər ki, onlar məsumları yaşatmaq üçün həyatlarından keçməyi bacaran qəhrəman asayiş keşikçiləridilər.

Statistika da göstərir ki, Azərbaycan Polisi peşəkarlığına görə yalnız regionun deyil, bir sıra aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir. Belə ki, ölkəmizin kriminal indeksi Litva, İspaniya, Macarıstan kimi Avropa İttifaqı ölkələrindən daha aşağıdır. 

Bu gün ölkəmizdə hökm sürən yüksək ictimai-siyasi sabitliyə görə Azərbaycan Polisinə minnətdar olan hər bir vətəndaşımız milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanlarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə ürəkdən inanır.

Yaqut Ağaşahqızı, “İki sahil”