04 iyul 2024 09:51
171

Astanada ŞƏT sammiti öz işinə başlayıb

Astanadakı Müstəqillik Sarayında Qazaxıstanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti işə başlayıb.

“İki sahil” Kazinform-a istinadla xəbər verir ki, tədbirdə Qazaxıstan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, BƏƏ-dən Rəs əl-Xəymə Əmirliyinin əmiri, Hindistanın xarici işlər naziri, həmçinin ŞƏT-in baş katibi və ŞƏT-in Regional Antiterror Strukturunun icraçı direktoru iştirak edir.

Sammitə BMT-nin baş katibi və MDB, İƏİT, KTMT, KTMT, AEK və ATƏT kimi beynəlxalq təşkilatların rəhbərləri də dəvət olunub.

ŞƏT sammiti ilk dəfədir ki, “ŞƏT-in Dövlət Başçıları Şurasının iclası” və “ŞƏT+” iclası formatında keçirilir.

Dövlət Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqında”, “ŞƏT-in təkmilləşdirilməsi haqqında” təşəbbüs qəbul ediləcək. Belarus Respublikasının ŞƏT-ə üzvlüyünə qəbul prosedurunun başa çatdırılması və ona təşkilata üzv dövlət statusunun verilməsi ilə bağlı tarixi qərar bu gün həyata keçiriləcək.

Ümumiyyətlə, dövlət başçıları Təşkilatın çoxplanlı əməkdaşlığının daha da möhkəmlənməsinə, onun perspektivlərinə, aktual beynəlxalq və regional problemlərin həllinə töhfə verən bir çox məsələləri nəzərdən keçirirlər.

“ŞƏT+” iclası “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi” mövzusunda geniş tərkibdə keçiriləcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”