Bu gün ölkədə fərqli dinlərə məxsus insanlar birgə yaşayır, dövlətin inkişafına öz töhfələrini verirlər. Lakin bəzən dini ayinlərin icrası zamanı xoşagəlməz, ifratavarma hallarına da rast gəlinir. Belə hallar adətən Aşura mərasimləri zamanı yaşanır. Son illərdə bununla bağlı xeyli maarifləndirici tədbirlər görülüb və nəticələr də var - zəncirvurma, qantökmə kimi hallar xeyli azalıb.
“İki sahil” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar bir neşə gün öncə yaydığı müraciətdə də qeyd edilirdi ki, Şura olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir: "Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir”.
Təbii ki, məscidə getmək hər kəsin şəxsi işi, inancıdır. Ancaq təəssüf doğuran hal ondan ibarətdir ki, oradakı bəzi dini mərasimlər zamanı bir sıra xoşagəlməz hallar baş verir. Onların sırasında azyaşlı uşaqların Aşura vaxtı məscidlərə aparılması halları da var. O uşaqlar Aşuranın mahiyyətini hələ dərk edəcək yaşda deyillər. Dövlət qurumları, aidiyyəti orqanlar da mərasimin keçiriləcəyi günlər ərəfəsində uşaqların bura cəlb edilməməsi ilə bağlı vətəndaşlara öz tövsiyələrini verir.
Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu günlərdə vətəndaşlara birgə müraciətində də qeyd edilirdi ki, bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur: "Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar".