19 iyul 2024 10:10
254

Banqladeşdə kütləvi iğtişaşlarda 17 nəfər ölüb

Banqladeşdə kütləvi iğtişaşlar zamanı həlak olanların sayı 17 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” ölkədəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, dövlət qulluğuna qəbulun yeni hazırlanmış qaydaları və onun əsasında formalaşan sistem vətəndaşların etirazına səbəb olub. Nəticədə minlərlə tələbə paytaxt küçələrində etiraz aksiyası keçirib.

Aksiya zamanı tələbələrlə polis arasında toqquşma baş verib.

Hökumətin etirazları dərhal yatırmaq qərarından sonra qarşılıqlı güc tətbiqi vəziyyəti yaranıb.

Bildirilib ki, polis bir çox ərazidə tələbələrə atəş açıb.

Banqladeş hökumətinin dövlət qulluğuna qəbul kvotasına qarşı etirazları yatırtmaq üçün bəzi mobil internet xidmətlərini dayandırdığı bildirilir. İnternetin bağlanmasına baxmayaraq, kötək və daşla silahlanmış minlərlə tələbə paytaxt Dəkkədə etiraz aksiyalarını davam etdirib.

Etirazlar xüsusilə paytaxt Dəkkə və ölkənin cənub-şərqindəki Narayanqanc şəhərində intensiv olub. Nümayişçilər barrikadalarla yolları bağlayıb, polisin hərəkətinə müqavimət göstəriblər.

Şərqi Çittaqonq şəhərində də fövqəladə vəziyyət elan edilib. Əhalidən bir əraziyə toplaşmamaq, dövlət qurumlarına yaxınlaşmamaq xahiş olunub.

Şahidlərin “Reuters” xəbər agentliyinə verdiyi məlumata görə, polis Dəkkədə avtomobilləri, polis məntəqələrini və digər obyektləri yandıran etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

İnformasiya texnologiyaları naziri Zunayd Əhməd Palak sosial şəbəkələrdə qeyri-sabit vəziyyətlə əlaqədar mobil internetin müvəqqəti dayandırıldığını bildirib. Vəziyyət normallaşdıqdan sonra xidmətlərin bərpa olunacağı bildirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”