04 avqust 2024 03:04
1197

100 yaşlı eks-prezidenti Karter: Ümid edirəm seçki gününədək yaşayıb Harrisə səs verə biləcəyəm

ABŞ-nin hazırda yaşayan ən yaşlı prezidenti demokrat Cimmi Karter seçki gününədək yaşayıb Demokratik Partiyanın namizədi Kamala Harrisə səs verə biləcəyinə ümid etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə “Atlanta Journal-Constitution” yazıb.

Oktyabrın 1-də 100 illik qeyd edəcək Karter noyabr seçkilərini səbirsizliklə gözlədiyini etiraf edib. “Mən sadəcə o günə qədər yaşamağa çalışıram ki, Kamala Harrisə səs verə bilim”, – keçmiş dövlət başçısının nəvəsi babasından sitat gətirib.

“Bu onun məqsədidir”, – Ceyson Karter söyləyib.

Ceyson Karter üç ay öncə keçmiş prezidentin həyatının “sona yaxınlaşdığını” etiraf etsə də, indi ailə daha nikbindir. Belə ki, nəvəsinin sözlərinə görə, eks-prezident son vaxtlar yenidən siyasətə maraq göstərir, daha diqqətli olub və baş verənləri fəal şəkildə izləyir.

Xatırladaq ki, üç il öncə ABŞ-nin keçmiş prezidenti Cimmi Karterin hakimiyyətdə olduğu illərdə ölkənin vitse-prezidenti vəzifəsini icra etmiş Uolter Mondeyl həyatının 93-cü ilində vəfat edib.