Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, “qiyamət saatına iki dəqiqə qalıb”.
“İki sahil”in məlumatına görə, “Rossiya-1” dövlət televiziya kanalında yayımlanan proqramda danışan Ryabkovun sözlərinə görə, bu, nüvə təhlükəsi ilə bağlı dünyada gərginliyin dərəcəsini simvollaşdırır, lakin bu, prosesin geridönməz olması demək deyil.
Bütün bu hadisələrə məsuliyyətlə yanaşmaq lazım olduğunu vurğulayan Ryabkov, “Ordunun barıtını quru saxlaması lazımdır, çünki ssenarilər çox fərqli ola bilər”, - deyib.
Diplomat vurğulayıb ki, Rusiya Ukrayna ətrafında münaqişənin həlli üçün Qərbə birtərəfli güzəştə getməyəcək.
Qeyd edək ki, “Qiyamət saatı” ifadəsi ilk dəfə 1947-ci ildə “Bülleten of Atomic Scientists”in üz qabığında nüvə silahlarının nəzarət altına alınmasının vacibliyini göstərmək üçün istifadə edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”