Venesuela prezidenti Nikolas Maduro “WhatsApp” messencerindən istifadəni dayandıracağını və Telegram-a keçəcəyini bildirib. O, tərəfdarlarını da belə etməyə çağırıb.
“İki sahil” xəbər verir ki, bu haqda “Kommersant” məlumat yayıb.

“WhatsApp Venesueladan olan istifadəçilərin siyahısını terrorçulara təhvil verdi ki, onlara hücum edə bilsinlər. Onlar hərbi zabitlərə və ailələrə, Bolivar Milli Polisinə hücum edir, ölkənin bütün institusional strukturuna, hakimiyyətin bütün beş qoluna hücum edirlər”, - deyə, Nikolas Maduro tərəfdarları ilə görüşündə deyib.
Siyasətçinin sözlərinə görə, WhatsApp vasitəsilə internet hücumları ABŞ, Çili, Peru və Kolumbiyadan gəlir. O, həmçinin tezliklə messenceri telefonundan siləcəyini və kontaktlarını Telegram və ya WeChat-a köçürəcəyini bildirib.
Bundan əvvəl Nikolas Maduro TikTok və Instagramın əleyhinə çıxış edib. Venesuela prezidenti qeyd edib ki, bu proqramlar ölkədə vətəndaşlar arasında nifrət doğuran etiraz videolarını yayır.