14 avqust 2024 23:12
285

Vətən sevdalısı

Dağlar diyarı Lerik rayonu, Çayrud kəndinin igid oğlu Elşən Səfərovun 1-ci Qarabağ müharibəsində doğma Azərbaycanın bütövlüyü naminə döyüş meydanında şəhid olub əbədiyyət adlı dünyasına qovuşanda 24 yaşında idi. Milyonların qəlbində özünə yurd-yuva quran, mənən diri qalan Vətən sevdalısı gəlib ömrünün 54-cü ilinə çatdı.

Bu münasibətlə Lerik Rayon İcra Hakimiyyətinin müavini Arzu Vəlimmədova, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Turan Bağırov, kənd sakinləri və şəhidin ailə üzvləri igid Vətən oğlunun uyuduğu müqəddəs yeri ziyarət edib, əziz xatirəsinə ehtiram əlaməti olaraq məzarı önünə gül-çiçək dəstələri düzüblər.

Çıxışlar zaman şəhid Elşən Səfərovun I Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan, keçdiyi şərəfli döyüş yolundan böyük iftixarla danışıblar.

Qeyd edilib ki, Elşən Məmmədağa oğlu Səfərov 1970-ci ildə dünyaya göz aşıb. Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşən cəbhəyə gedib. 06 Yanvar 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən ağır müharibədə, sözün əsl mənasında, tarix yazıb . 9 yaralı döyüş yoldaşını odun-alovun içindən xilas edib, 10-cü yaralı əsgəri çiyninə alan yerdə başına snayper gülləsi dəyib və ürəyi dayanıb. Qısa ömrü canından üstün tutduğu Vətəninə sonsuz məhəbbət mücəssəməsinə dönüb. 10 yanvar 1994-cü ildə doğma kəndində torpağa tapşırılıb.

Oxuduğu Çayrud kənd tam orta məktəbi Elşən Səfərovun adını daşıyır. Eləcə ölümsüzlüyə qovuşan qəhrəmanın xatirəsi şərəfinə “Səssiz Dünya” İşarət Dilində Danışan Əllilərə və İdmançılara Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlara Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı hesabına “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” sənədli filmi çəkilib. Çayrudda ən müqəddəs yer sayılan “Elşən bulağı” kompleksini isə şəhidin sinif yoldaşları ucaldıblar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlə Birliyinin üzvü