Amerika tərəfi Qəzza zolağında atəşkəs razılaşmasının gələn həftənin sonuna kimi əldə olunacağına ümid edir.
“İki sahil” xəbər verir ki, bu barədə “Axios” portalı Amerika və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Dohada keçirilən məsləhətləşmələrin son raundunda əldə edilmiş razılaşmalar, demək olar ki, bütün fikir ayrılıqlarını aradan qaldıra bilib. İsrail rəsmisi bildirib ki, yəhudi dövləti razılaşmanın birinci mərhələsində həftəlik azad ediləcək girovların sayının artırılması müqabilində azadlığa buraxılmasına veto qoyulan fələstinli məhbusların sayını azaltmağa razılaşıb.
Adı açıqlanmayan ABŞ rəsmisi deyib: "Biz inanırıq ki, bu tədbirlər paketi həyata keçirilməyə hazırdır".
Başqa bir ABŞ rəsmisinin sözlərinə görə, məsləhətləşmələrdə nümayəndə heyətlərinin başçıları danışıqlar prosesinin son mərhələdə olduğu barədə konsensusa gəliblər. O, etiraf etdi ki, müqavilənin şərtləri ideal deyil, lakin onlar hazırda mümkün olan ən yaxşısıdır.
Tərəflər növbəti görüşü gələn həftənin sonunadək Qahirədə keçirmək barədə razılığa gəliblər. Texniki qruplar yaxın günlərdə sazişin əsas bəndlərinin, o cümlədən Qəzza zolağında saxlanılan girovların İsrail həbsxanalarında saxlanılan fələstinlilərlə dəyişdirilməsi, habelə anklavdakı humanitar vəziyyətlə bağlı mexanizmlərin işlənib hazırlanmasını davam etdirəcəklər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”