21 avqust 2024 12:15
352

Ermənistandakı sosial böhran siyasi böhranı da sürətləndirir

Artıq haylar aclar və yalavaclar ölkəsində yaşamaq istəmirlər

Mmövcud reallıq belədir ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən xeyli vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də özünə gəlmək iqtidarında deyil və burada sosial-iqtisadi böhran siyasi böhranı da sürətləndirir. Bu gün haylarda öz ölkəsinə və hökumətinə qarşı ciddi inamsızlıq hökm sürür. Hətta Ermənistan rəhbərliyi də anlayır ki, bu inamsızlığın qarşısını almaq üçün həm diplomatik, həm də iqtisadi sahədə ciddi uğurlar qazanmalıdır. Əks təqdirdə xarici havadarlarına, ermənipərəst ölkə başçılarına güvənərək onlardan dəstək almaq heç bir nəticə verməyəcək.

Bu gün Ermənistanın düşdüyü mürəkkəb vəziyyətdən çıxması üçün bir yolu var. Bu, qalib Azərbaycanın haqlı və ədalətli şərtləri ilə razılaşaraq qısa müddətdə sülh sazişini imzalamaqdır. Eyni zamanda bu, hayların indiki təcrid vəziyyətindən xilas olub dinc inkişaf mərhələsinə keçid edə bilmələri üçün də vacibdir. Axı hazırda geopolitik proseslər də tamamilə Ermənistanın əleyhinə işləyir.

Bəli, düşdükləri ağır duruma bir az ağılla yanaşan ermənilər birmənalı şəkildə etiraf edirlər ki, ölkələri üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından birdəfəlik  əl çəkmək, Zəngəzur dəhlizini açmaq, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmək və bunun nəticəsində yaranacaq yeni iqtisadi, ticarət, tranzit imkanlarından səmərəli istifadə etməkdir. Bu isə o deməkdir ki, Ermənistanın da yaxın gələcəkdə Azərbaycan və Gürcüstan kimi beynəlxalq nəqliyyat-logistika  mərkəzinə çevrilmək imkanları var. Artıq haylar yaxşı anlayırlar ki, hər il diasporun inanə şəklində verdiyi  30-40 milyon dollarla yaşamaq qeyri- mümkündür.

Bü gün modern bir ölkəyə çevrilmiş Azərbaycandan fərqli olaraq, Ermənistan hələ də yüksək texnologiyalara əsaslanan iqtisadi modeldən məhrumdur. Maliyyə böhranı üzündən bu ölkənin yüzlərlə sənaye müəssisəsinin qapılarından qıfıllar asılıb. Həmçinin keçmiş müttəfiqi ilə iqtisadi və siyasi əlaqələri pozulduğuna görə Ermənistandakı çoxsaylı Rusiya müəssisələri də buradakı işlərinə son verməyə başlayıblar. Xüsusən ölkədə kənd təsərrüfatı aqreqatlarının və texniki qurğuların yoxluğu, gübrələrin kasadlığı, benzin və su qıtlığı səbəbindən  yüz min hektarlarla torpaq əkin dövriyyəsindən çıxarılıb. «Nyus.am» portalının yazdığına görə, bu il hər fermerə cəmi 20 dollar pul ayrılmışdır ki, həmin cüzi qəpik-quruşla da fermerlərin öz təsərrüfatlarını ayaq üstə qaldırmaları imkan xaricindədir. Ölkəni öz ağuşuna almış işsizlik, aclıq və yoxsulluq üzündən gənclər arasında cinayətkarlıq və oğurluq kimi kriminal hadisələr, ümidləri dalana dirənib sabaha inamlarını tamamilə itirmiş yaşlı insanların intihar halları ən yüksək həddə çatıb. Əksər ərzaq məhsullarının qiymətlərinin 40-50 faiz bahalaşdığı bir ölkədə gündəlik gəliri aşağı olan vətəndaş üçün yaşamaq dözülməz hala gəlib. Elə buna görə də hər il iqtisadi böhrandan qurtulmaq üçün 30 min nəfərdən artıq erməni vətəni birdəfəlik tərk edir. Erməni sosioloqlarından birinin fikrincə, vətəndaşını bir doyumluq çörəyə möhtac qoyan məmləkətə vətən deyilməz.

Beynəlxalq Valyuta Fondunun hesabatlarına görə, Ermənistana əcnəbi ölkələrdən göndərilən pullar yerli iqtisadiyyatın gəlirlərindən bir neçə dəfə çoxdur. Əhalinin əksəriyyəti xaricdəki qohumlarının göndərdiyi maddi yardımlar hesabına yaşayır. Əgər Ermənistan bir dövlət, onun əhalisi bir xalq kimi bu günədək ağır iqtisadi böhrana duruş gətirə bilibsə, bunun üçün xaricdəki diasporlarına minnətdar olmalıdır. Əlbəttə, bizim atalar sözündə deyildiyi kimi,  qonşuya ümid olan şamsız qalar. Yəni,  diasporun yardımlarının da «uzun ömürlü» olacağına heç kəs zəmanət verə bilməz.

Ermənistan Dövlət Statistika Agentliyinin məlumatına görə, son üç ildə ölkəni birdəfəlik tərk edənlərin sayı 30 minə çatıb. Eyni zamanda, məlumatda qeyd edilir ki,  2021 -2023-cü illərdə ölkə vətəndaşlarının hər üç nəfərindən biri yoxsuldur. Buna görə yoxsullar  ölkə əhalisinin 30 faizini, təxminən 1 milyonunu əhatə edir. Belə bir çıxılmaz vəziyyətdə qalan  Nikol Paşinyan hakimiyyətinin ölkəsindəki nüfuzu isə təbii ki, gündən-günə  aşağı düşür.

Erməni iqtisadçıların fikrincə, yoxsulluğun qarşısının alınması üçün 69.2 milyard dram (134.5 milyon dollar) lazımdır ki, bu da ÜDM-in 1, 2 faizini təşkil edir. Ermənistan kimi kiçik və kasıb ölkə üçün bu, olduqca böyük rəqəmdir. Qeyd edək ki,  Ermənistanın 2014-2025-ci illər üçün Strateji inkişaf perspektivi proqramında hökumət yoxsulluq həddini 24 faizə endirməyi planlaşdırsa da, mövcud iqtisadi durum bunun mümkün olmayacağını göstərir.

Ermənistandakı iqtisadi və sosial iflasın digər göstəricisi isə ölkənin xarici borcunun davamlı olaraq artmasıdır. Hazırda bu ölkənin dövlət borcu  6 milyard dollardan çoxdur. Erməni iqtisadçılar həyəcan təbili çalaraq xarici borclanmanın artıq risk həddini keçdiyini bildirirlər. Ölkənin tanınmış iqtisadçıları da etiraf ediblər ki, ötən illər ərzində alınan kreditlər heç bir sahədə səmərəli yatırıma xərclənmədiyi üçün yeni inkişafa təsir göstərməyib.

Rəqəmlər və faktlardan da göründüyü kimi, Azərbaycana qarşı  revanşist hisslərlə yaşayan Ermənistanın bundan sonra da heç bir inkişaf perspektivi yoxdur. Bu, bir reallıqdır ki, əgər vəziyyət  bu şəkildə davam etsə Ermənistan bir dövlət kimi iflas olacaqdır.

Elçin Zaman, «İki sahil»