06 sentyabr 2024 00:13
351

“Qərbi Azərbaycanın təbii-coğrafi şəraiti və kəndləri” silsiləsindən

Basarkeçər nahiyəsinin Qayabaşı kəndi.... (I yazı)

Göyçə gölünün cənub və cənub-şərq hissəsi Basarkeçər dağlıq silsiləsinin şərq hissəsini, Şahdağ dağ qurşağının qərb yamaclarını, Qərbi və Şərqi Azərbaycanı birləşdirən qədim hərbi-karvan yolunun keçdiyi Basarkeçər nahiyəsi hündür dağ zirvələri, sıx çay dərələri-şəbəkəsi, türk-müsəlman dünyasının əski maddi-mənəvi və mədəniyyət irsi, əsrarəngiz, qəhrəmanlıqla dolu tarixi keçmişi yaşadan yurd-ocaqları...ilə məşhur olan bölgələrimizdən biridir.

Yurdumuzun bu hissəsində yerləşən əski yaşayış məntəqələrindən biri də Qayabaşı kəndidir. Göyçə gölündən 10 km cənub-şərqdə, sıldırmlı və yalçın, çılpaq qayalar üzərində qərar tutan bu kənd (adına uyğun oroqrafik mənzərəyə və quruluşa malik), həm də nahiyə mərkəzindən eyni istiqamətdə 7 km aralıdır.

Ümumi orotoponim olaraq bütöv Azərbaycanın bir çöx ərazilərində oxşar toponimlərə rast gəlinir. Belə ki, Xocalı və Şəki rayonlarında, Cənubi Azərbaycanda eyni adlı kəndlər vardır.

1880-ci ildə nəşr edilən “Qafqaz haqqında məlumat toplusu”na görə, bu kəndin yerli, kökənli əhalisinin (“Qafqaz tatarları”) sayı 131 nəfər (16 “tüstü”) olub, 1912-ci il “Qafqaz təqvimi” bu rəqəmi 225 nəfər kimi qeyd edib.

1988-ci ildə etnik-milli sürgünə/zorla köçürülməyə məruz qalanların sayı isə 783 nəfər olmuşdur.

XX əsrin əvvəllərində 30-a qədər evi olan bu kənddə 1940-1941-ci illərdə 60-65 “həyət təsərrüfatı” qeydə alınıb.

Coğrafi mövqeyinə görə əlverişli olan, qədim Basarkeçər-Kəlbəcər ticarət-karvan yolu üstündə yerləşən Qayabaşı kəndinin ətraf yaxınlığında Sarıyaqub/Zərgərli (dini-irfani sufilik və aşıq-muğam məktəbinin yaradıcılarından Miskin Abdalın (1430-1535) kəndi), Qoşabulaq, Şorca, Nərimanlı, Daşkənd....kəndləri yerləşir.

2027 m. hündürlükdə Pirdağı, Sandıqlı, Zağa qayası (altında 500 başa qədər heyvan yerləşirdi) ...hüdudlarında yerləşən Qayabaşı kəndinin şərq tərəfindən axan Böyükçay (Yuxarıdağ yaylaqlarından axan bulaqlardan yaranan) Böyük Məzrə kəndi yaxınlığında Məzrə çayına (uzunluğu 30 km, Göyçə gölünə tökülür, Şahdağ silsiləsinin qərb yamaclarından, 3000 m hündürlükdən başalyır) birləşir.

Kəndin hüdudlarında münbit torpaq-əkin və biçənək-örüş sahələri (“Yastıqlı”, ”Tülkü dərəsi”, “Eşşək yeyən”...), yay otlaqları (aralarında 1-2 km ara məsafəsi olan“Yuxarıdağ yaylağı”, Ortadağ yaylağı”, “Aşağıdağ yaylağı”...) 2000 hektara qədər ərazini (örüş yeri-700 ha, biçənək-20 ha, 300 ha) əhatə etmişdir. Ən münbit və bərəkətli sahələr Böyükçayın ətrafında (Nərimanlı kəndi istiqamətində) yerləşirdi. Taxılı 7-8 günə yığıb-yığışdırmaq olurdu, hər hektardan 40-45 sentner məhsul alınırdı. O hissədə 30 hektar sahədə qiymətli yem bitkisi-qorumca əkilirdi.

Qoşabulaq kəndinə tərəf “Tülkü təpəsi” deyilən yerdə (orada çoxlu tülkü yuvaları vardı) buğda, arpa əkilirdi.

Kənd sakini Fərhad Sultan oğlu Qasımovun (1915-1985) evinə yaxın alma-armud bağı (4-5 ha) salınmışdı, o da bağbanlıq edirdi.

“Yuxarıdağ yaylağı” Şahdağ silsiləsinə bitişik, Kəlbəcər rayonu ərazisindəki “Sarı yer yaylağı” ilə bitişik idi, sahəsi 80 hektara qədər olardı. Burada aprel-sentyabr ayları ərzində 400 başa qədər mal-qara saxlanılırdı. Bu yaylaqdan axan gur sulu, “yarımçay” Hacı Bədəl bulağı Böyükçaya tökülürdü. “Aşağıdağ yaylağı” güllü-cicəkli, baxımlı mənzərəsi, saf dağ havası ilə ətraf ərazilərdən xeyli fərqlənirdi. Yay aylarında qoynu ziyarətçilərlə aşıb-daşırdı. Xüsusilə “Sona bulağı” və Ağbulağın üstü. Bu yaylağın 25-30 hektarında yem bitkiləri (vələmir, çuğundur) əkilirdi.

“Ortadağ yaylağı”nın bir yanı Qoşabulaq, bir tərəfi Böyük Məzrə kəndlərinə bitişik idi, orta hissəsində 40 hektaar biçənək yeri istifadə olunurdu.

Daha çox cənub-şərq hissədə yayılan əkin yerləri əvvəllər sıx meşə ilə örtülü və çoxsaylı vəhşi heyvanlar oylağı olsa da, keçən əsrin 30-cu illərindən sonra qırılıb əkin-örüş, biçənək sahələri kimi istifadə edilib.

1975-1976-cı illərdə Qayabaşı çayında güclü sel-daşqın olanda qırılmış meşə ağaclarının kötükləri üzə çıxmışdır. 1955-ci ilədək Qayabaşı, Qoşabulaq və Sarıyaqub kəndləri bir təsərrüfatda (kolxozda) birləşib. 1955-1988-ci illərdə isə Qayabaşı kəndi ayrıca təsərrüfat (M.Kalinin adına kolxoz) kimi fəaliyyət göstərib.

XX əsrin əvvəllərinədək əsasən heyvandarlıqla məşğul olan, tərəkəmə həyatı sürən kökənli aiələlərin kəndin ətrafında bir çox zağaları olmuşdur. Əsasən mal-qara, qoyun-quzu (hərəsində 500-1000 baş xırdabuynuzlu davar tutub) saxlamaq üçün, orda qaçaqlar da “yaşayıb”.

Deyilənə görə, Sandıqlı qayasının altından keçən zağa/mağara cənub-şərq istiqamətdə, 9-10 km aralıdakı Daşkənd kəndinə qədər uzanır.

Belə bir məlumat var ki, qonşu Daşkənd kəndindən bir xanımla ailə quran Qayabaşı kənd sakini İskəndər Hacı Xıdır oğlunun zağası cehiz kimi verilibmiş...

Milli-mənəvi gələnəklər sırasında Qayabaşı kəndinin mədəni irsi xüsusi yer tutur. Bu sırada dini-irfani, ruhani-fəlsəfə təfəkkürünə malik Cəlil Nağı oğlunun (1853-1953, ulu babası Qəhrəman kişi XIX əsrin əvvəllərində Sarıyaqub kəndinə Sədərək nahiyəsindən köç edibmiş) da adı çəkilir. Cəlil Əfəndi din xadimi olmaqla yanaşı, mahir saz-söz ustası kimi tanınıb. Ağkilsə kəndindən ustad aşıq Ələsgər Alməmməd oğlu ilə dostluq edib, məclislərində iştirak edib. Onun gəlini Mülayim Hüseyn qızının (1894-2006, Qoşabulaq kəndindən olub) dediyinə görə, aşıq sənətində məşhur “Cəlili” saz havasının müəllifi də o olub. Günlərin birində Qayabaşı kəndində qonaq olan aşıq Ələsgərlə gecə səhərə qədər məclis aparıblar. Yeni saz havasını təqdim edəndə adını da Ustad “Cəlili” qoyub.

Keşən əsrin 30-cu illərinin əvvəllərində 17 yaşlı oğlu Əbülfət rəhmətə getdikdən sarsılan aşıq Cəlil sənətinə son verib, bir daha sazını köynəyindən çıxarmayıb...

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

P.S. Basarkeçər nahiyəsinin Qayabaşı kəndini hay kilsəsi 1995-ci ildən-“Geqamabak”, Sarıyaqub kəndini-“Caxatsadzor”, Qoşabulaq kəndini-“Şatcrek”, Böyük Məzrə kəndini-“Mets Masrik”, Kiçik Məzrə kəndini-“Pokr Masrik”... adlandırır...

(Yazının hazırlanmasında həm də Basarkeçər nahiyəsi, Qayabaşı kənd sakinləri Həsən İsrafil oğlu Məmmədovun (1947) və Şahsuvar İsmayıl oğlu Nağıyevin (1953) məlumatlarından istifadə olunmuşdur).