10 sentyabr 2024 12:42
90

2026-cı ildə məktəblərdə hər 6 şagirdə 1 kompüter düşəcək- Nazir müavini

2003-2023-cü illər ərzində ölkədə ümumilikdə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib.

“İki sahil” xəbər verir ki, bunu Naxçıvanda təhsil işçilərinin sentyabr konfransında çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Nazir müavini qeyd edib ki, 2017-2022-ci illərdə 414 modul tipli məktəb tikilib istifadəyə verilib və bununla da bir milyondan çox şagirdin tədris şəraiti yaxşılaşdırılıb.

Onun sözlərinə görə, 2020-2023-cü illər ərzində ümumi təhsildə İKT inkişaf etdirilib və 2023-cü ilin sonunadək ölkə ərazisində 1365 məktəb fiber-optik şəbəkəyə qoşulub. Bildirilib ki, 2026-cı ilədək daha 1500 məktəbin fiber-optik şəbəkəyə qoşulması planlaşdırılır.

F.Qurbanov əlavə edib ki, şagird-kompüter nisbətində 2020-ci ildə 36 şagirdə 1 kompüter düşürdüsə, 2026-cı ildə bu say 6 şagirdə 1 kompüter təşkil edəcək.