10 sentyabr 2024 15:51
257

Azərbaycan və Ukrayna XİN rəhbərləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər - YENİLƏNİB

10 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı baş tutub.

XİN-dən "İki sahil"ə verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov həmkarını Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə ürəkdən təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib.

İki ölkə arasında qarşılıqlı hörmət və dəstək, habelə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu bildirilib.

Nazir Andrey Sibiqa təbriklərə görə təşəkkür edib, Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlığın bundan sonra da gücləndirilməsinə dair ümidvarlığını ifadə edib.

Ukrayna ətrafında yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, xüsusilə İrpen şəhərində infrastrukturun bərpa və yenidənqurmasına, habelə minatəmizləmə fəaliyyətinə göstərilən dəstək minnətdarlıqla xatırlanıb.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə telefon danışığı zamanı ikitərəfli və çoxtərəfli məsələləri müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "X"də yazıb.

"Biz qarşılıqlı şəkildə ölkələrimizin suverenliyi və ərazi bütövlüyünə hörmətimizi bir daha ifadə etdik. Ümid edirəm ki, əməkdaşlığımız xalqlarımız arasındakı dostluq əlaqələrini əks etdirəcək",-o əlavə edib.