Tarixi əhəmiyyətli bu ekoloji tədbirin Bakıda keçirilməsi ölkəmizin dünyaya yeni rakursda təqdimatı fürsətini verəcək
Qlobal iqlim dəyişikliyi probleminə qarşı effektiv mübarizənin təşkili məsələsi XXI əsrin ən mühüm çağırışlarından biri kimi aktuallıq daşıyır. Bu problemin əsaslı həllinə yönəldilən ən mühüm qlobal təşəbbüs BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransıdır. Azərbaycan qarşıdakı dövrdə özünün yaşıl prioritetləri uğrunda səylərini daha da möhkəmləndirərək, iqlim dəyişikliyinə qarşı mübarizədə iradəsini ortaya qoyur. Bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) respublikamızda keçirilməsi çox qürurverici hadisədir.
Bu mötəbər tədbirin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilməsi nəticəsində Azərbaycan özünün ən müsbət tərəflərini dünyaya çatdıracaq. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi Azərbaycana böyük hörmətin, etimadın bariz nümunəsidir. Bu qərar həm də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmuş ölkəmizin məqsədyönlü fəaliyyətinə verilən dəyərdir.
Son illərdə Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda qitənin və Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir. Hazırda Azərbaycan Avropanın 10 ölkəsinin ənənəvi enerji təminatçısıdır. Neçə illərdir Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan COP29-un nüfuzlu platforması çərçivəsində beynəlxalq birliyə, tərəfdaş olan qardaş və dost ölkələrlə yanaşı, bədxahlara da göstərə biləcək ki, alternativ enerji ilə bağlı layihələr və "yaşıl enerji"nin dünya bazarına nəqli dövlətimizin enerji siyasətində prioritet sahələrdən biridir.
Azərbaycan neft-qaz ölkəsi olsa da, ətraf mühitin qorunmasına töhfə verən ölkələrdəndir. Özümüzü ənənəvi enerji ilə təmin etmək imkanımız olduğu halda, ətraf mühitə ziyan vurmayan “yaşıl enerji” ilə təmin etmək üçün əməli addımlar atırıq. Azərbaycanın əla külək və günəş resursları və biokütlə, geotermal və su-elektrik enerjisinin istehsalı üçün əhəmiyyətli potensialı var. Əsasən neft-qaz sektorunun inkişafı hesabına sürətlə böyüyən iqtisadiyyata malik olan və enerji istehsalının 90 faizdən çoxu yanacaq mənşəli olan ölkəmizin "yaşıl enerji"yə keçid etməsi perspektivdə iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfə verəcək. Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunan ərazilərdə su, günəş və külək-elektrik stansiyaları tikilir və gələcəkdə bu sahədə görüləcək işlərin miqyasının daha da artacağı nəzərdə tutulur. Hazırda bərpaolunan enerji mənbələri üçün ən yüksək potensiala malik işğaldan azad olunmuş ərazilərdə xüsusi proqramlar həyata keçirir. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində "ağıllı şəhər" və "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilməsi, su-elektrik stansiyalarının yaradılması göstərir ki, ətraf mühitin qorunması prioritetdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı qlobal mübarizənin önündədir. COP29-un Azərbaycanda keçirilməsində də bu amil və ən əsası Azərbaycanın özünün qlobal nüfuzu əsas rolu oynayıb.
Ölkəmizin yaşıl siyasətində, həmçinin paytaxtda və regionlarda yaşıllıqların artırılması istiqaməti mühüm yer tutur. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Dövlət Proqramı sənədlərində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə bir sıra mühüm vəzifələr müəyyənləşdirilib və biomüxtəlifliyin mühafizəsi, su və digər təbii ehtiyatların davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunub. Paytaxt Bakıda və regionlarda yaşıllaşdırma işlərinin aparılmasına Cənubi Qafqaz regionunun ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da hərtərəfli dəstək verir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə yaşıllıqların artırılmasına, mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək!” təşəbbüsü ilə keçirilən aksiyalarda milyonlarla yeni ağac və kol əkilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da bu istiqamətdə atdığı addımlar davamlıdır və təqdir olunur. Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təqdim etdiyi layihələr ekoloji mühitin qorunmasına xidmət edir.
Azərbaycanın qısa müddətdə COP29-la bağlı hazırlıqları beynəlxalq auditoriya və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası səviyyəsində razılıqla qarşılanır, təqdir olunur. Bir neçə gün əvvəl COP29 sədrliyinin Bakı Qlobal İqlim Şəffaflığı Platformasını (BTP) işə salması BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiell tərəfindən razılıqla qarşılanıb. Bu, o deməkdir ki, Azərbaycan üzərinə düşən işin öhdəsindən bacarıqla gəlir, tərəflər arasında qarşılıqlı inam və etibar yaradır.
İqlim şəffaflığı üzrə Bakı Qlobal Platforması Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Qlobal əhəmiyyətli bu platforma sübut edir ki, Azərbaycan artıq beynəlxalq əhəmiyyətli məsələlərin həllində əsas ölkələrdən biridir və dünya bunu qəbul edir. Dünyada səhralaşmanın müasir metodlarının tətbiq olunmasında və quraqlığın qarşısının alınmasında yaşıllığın salınması, su ehtiyatlarından düzgün istifadə edilməsi mühüm şərtdir. Sudan təkrar istifadə, su hövzələrinin çirklənməsinin qarşısının alınması da hazırkı həssas dönəmdə çox vacib vəzifədir. Daha sonra istixana-qaz emissiyalarının tətbiq edilməsi üçün karbon tullantılarının atmosferə buraxılmasının həcmi azaldılmalıdır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən nəhəng sənaye müəssisələrinin sayı da azaldılmalı və "yaşıl texnologiya"ya üstünlük verilməlidir. Bu sadalananlar və sadalanmayan digər məsələlər həm bütövlükdə COP29-un, həm də əlahiddə olaraq Bakı Qlobal İqlim Şəffaflığı Platformasının gündəliyindədir.
Xatırladaq ki, COP29 komandası texnoloji innovasiya və qlobal məzmun tərəfdaşlıqlarının birləşməsini əks etdirən Yaşıl Zona üzərində işləyirdi. Artıq hazır olan Yaşıl Zona şəxsi görüş və konfrans meydançası kimi sifariş üçün əlçatandır. Məlumat üçün bildirək ki, Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və rəsmi Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələrək ünsiyyət qura biləcəyi məkandır. COP29 komandası tərəfindən təşkil və idarə olunan Yaşıl Zona müxtəlif, həm də iştirakçıların öz baxışlarını bölüşə bilmələri üçün dinamik platformadır. Bu zona cari innovasiyaların, eləcə də iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsinə dair müzakirələr, panellər və əyani nümayişlər üçün mərkəz funksiyasını yerinə yetirir. Pavilyonlardan və sərgi stendlərindən ibarət, ümumi sahəsi 36 min kvadratmetrdən çox olan Yaşıl Zona Tərəflər Konfransının rəsmi görüşlərinin keçiriləcəyi Mavi Zonadan cəmi bir neçə yüz metr aralıda yerləşir. COP29 Əməliyyat Şirkətinin məlumatına görə, Yaşıl Zonada həm Azərbaycandan, həm də dünyanın müxtəlif ölkələrindən bizneslərin geniş çeşidini təmsil edən aparıcı özəl sektor nümayəndələrinin, yerli və beynəlxalq hökumət təşkilatlarının və QHT-lərin iqlim fəaliyyətləri ilə bağlı ən son məhsullar, həll variantları və layihə üzrə işlərin gedişi təqdim və nümayiş olunacaq. Bura nüfuzlu spikerlər, xüsusi seminarlar, sərgi zonaları, həmçinin yaradıcı şəxslər üçün ayrılmış studiyalar, şəbəkələşmə sahələri vasitəsi ilə həm gənclər, həm də digər iştirakçılar arasında əlaqələndirmənin gücləndirilməsinə xidmət edən innovativ "ekstremal görüş" yeri olacaq. Bunlardan başqa, ictimaiyyət iqlim liderlərini və tərəfdaşları dinləmək, iqlim söhbətinə öz səslərini vermək üçün Yaşıl Zonada iştirak etməyə dəvət ediləcəklər.
Azərbaycanda və MDB regionunda ilk dəfə keçiriləcək COP29 beynəlxalq və yerli şirkətlərin bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yenilikləri təqdim etmək, günəş və külək enerjisi, yaşıl hidreogen və s. enerji mənbələrinin istehsalı və nəqli ilə bağlı niyyətlərini səfərbər etmək, qlobal “yaşıl enerji” həmrəyliyini inkişaf etdirmək baxımından yeni fürsətlər açacaq. Bütün dövrlərdə qlobal təşəbbüslərin önündə yer alan, qlobal təhdidlərə qarşı mübarizədə cəsarət və novatorluq nümayiş etdirən, konservativ və inklüziv yanaşmaları ilə həll yolları müəyyənləşdirən Azərbaycan bu dəfə də mühüm yeniliklərlə çıxış edir. Bütün bu reallıqları nəzərə alan Azərbaycan ev sahibi olaraq COP29-dan sülh, barış platforması kimi istifadə etməyə qərar verib. Rəsmi Bakı sözügedən problemin həllinə üç rakursdan yanaşır- Ermənistanla sülh müqaviləsi imzalayaraq Cənubi Qafqazda əmin-amanlığı möhkəmləndirmək; Fransa və digər müstəmləkəçi dövlətlərin kolonizasiya siyasətinə son qoymaq, boyunduruqda əzilən xalqların hüquqlarını müdafiəsi; Rusiya-Ukrayna, İsrail-Fələstin və digər münaqişələrdə atəşkəsə nail olmaq, məhəlli savaşların Üçüncü Dünya müharibəsi mərhələsinə keçməsini əngəlləmək.
Yaqut Ağaşahqızı, “İki sahil”