12 sentyabr 2024 16:34
195

BMU-ya qəbul olan I kurs tələbələri ilə tanışlıq görüşləri olub

2024/2025-ci tədris ilinin başlanması münasibətilə Bakı Mühəndislik Universitetinin (BMU) bakalavr pilləsinə qəbul olan I kurs tələbələri ilə tanışlıq xarakterli görüşlər keçirilir.

BMU-dan "İki sahil"ə bildirilib ki, ilk olaraq İqtisadiyyat və Mühəndislik fakültələrində qrup şəklində təşkil olunan görüşlərdə dekan müavinləri və kafedra müdirləri gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edib, təhsil həyatlarında onlara bol uğurlar arzulayıblar.

Sonra ali məktəbin kampusu, müasir laboratoriyaları, akademik heyəti haqqında geniş təqdimatlar edilib, burada tədris üçün yaradılmış hərtərəfli şərait barədə ətraflı məlumat verilib.

Çıxış edənlər hər semestrin sonunda keçirilən imtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və ədalətin əsas meyar kimi götürüldüyünü vurğulayıblar. Eyni zamanda, BMU-da nəzəriyyə ilə təcrübənin bir arada olmasının onların savadlı mütəxəssis kimi yetişmələrinə müsbət təsir göstərəcəyini bildiriblər.

Görüşlərdə BMU-da tələbə təşkilatları və klublarının fəaliyyətindən də danışılıb, onların təşkilatçılığı ilə maraqlı konfransların keçirildiyi və belə tədbirlərin tələbələrin fəallığında, dünyagörüşlərinin, müxtəlif sahələrə aid biliklərinin formalaşmasında, eləcə də sosiallaşmasında ciddi rol oynadığı qeyd edilib.

Çıxışlar zamanı tələbə hüquqları, universitetdaxili nizam-intizam qaydaları ilə bağlı zəruri, istiqamətləndirici məlumatlar və prosedurlar tələbələrin nəzərinə çatdırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Sonda tələbələrə dərslərinə ciddi yanaşmaq, davamlı oxumaq və universitetin ictimai həyatında hər zaman fəallıq göstərmək tövsiyə olunub.

BMU-da bu qəbildən olan görüşlər sentyabrın 13-də digər fakültələrin də birinci kurs tələbələri üçün təşkil ediləcək.