18 sentyabr 2024 03:02
648

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpasıdır

Beynəlxalq təsisatlar azərbaycanlıların və ermənilərin qayıdış hüququna bərabər yanaşmırlar

Ölkəmizin haqlı və beynəlxalq konvensiyalara söykənən mövqeyi regionun gələcək inkişafı üçün yeni bir yolun müəyyənləşdirilməsinə yönəlib. Regionda yaranan geosiyasi, eləcə də, yeni iqtisadi reallıqlar isə mühüm perspektivlər vəd etməkdədir. Azərbaycan bölgənin əsas siyasi aktoru kimi nəinki Cənubi Qafqazın, bütövlükdə, böyük bir coğrafiyanın yeni inkişaf mərhələsini formalaşdırır. Nəzərdə tutulan layihələrin icrası, qlobal münasibətlərin inkişafına töhfələrin verilməsi üçün isə sülh sazişinin imzalanması, ölkələr arasında münasibətlərin normallaşması üçün əsas şərtdir. Mehriban qonşuluq siyasətinin formalaşdırılması, beynəlxalq ədalətin təmin olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas istiqamətləridir. Lakin Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsini həzm edə bilməyən və dövlətimizin güclənməsi ilə barışa bilməyən bəzi qüvvələr ölkəmiz əleyhinə atdıqları addımlarla açıq şəkildə nümayiş etdirirlər ki, Cənubi Qafqaza sabitliyin, əmin-amanlığın gəlməsində maraqlı deyillər. Onlar regionda sülhü bərpa etmək əvəzinə müharibəni alovlandırmaq çıxarmaq istəyirlər.

Ermənistanda ki, revanşist qüvvələr, qondarma rejimin tör-töküntüləri yenə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalar ilə çıxış edərək Qərbdəki havadarlarına arxalanaraq “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vururlar. Ancaq nədənsə beynəlxalq təsisatlar Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdış hüququnu münaqişənin başlanmasından keçən 36 ildə bir dəfə də olsun gündəmə gətirməyiblər. Hər zaman susqunluq nümayiş etdiriblər. azərbaycanlıların qayıtmasına imkan vermir və onların mədəni irsini dağıtmaqda davam edir. Ermənistan azərbaycanlıların öz evlərinə qayıtmasına hazırlıq məqsədilə BMT-nin missiyasını və Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün UNESCO-nun faktaraşdırıcı missiyasını qəbul etməkdən imtina edir. Bundan əlavə, Ermənistan hökuməti Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab vermir.

Belə bir şəraitdə öz ərazisində bir nəfər də olsun azərbaycanlı saxlamamış Ermənistan hökumətinin insan hüquqlarından danışaraq Azərbaycanı etnik təmizləmədə suçlaması ən mənfur riyakarlıqdır. Bütün bunlar Ermənistanın Azərbaycanofob siyasətini və ölkəmizə qarşı ərazi iddiasını bariz şəkildə göstərir.

Hazirda Azərbaycan şanlı Zəfəri ilə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. 30 il davam edən işğal dövründə ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edən Prezident İlham Əliyev bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini, işğalla barışmayacağımızı Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı.

Hazırda bu torpaqlarda yeni həyatın başlanmasından sonra Qərbi Azərbaycana qayıdışın gündəmə gətirilməsi tarixi ədalətin bərpası istiqamətində növbəti addım kimi dəyərləndirilir. Prezident İlham Əliyev bildirmişdir: “Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün tam haqlı olaraq bu mövzunu beynəlxalq arenaya çıxarmışıq. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur. Bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Bunu sülh yolu ilə etmək istəyirik. Əminəm ki, buna nail olacağıq. Çünki bu gün ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.”

Qərbi Azərbaycan İcması da Ermənistan hökumətindən beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməyi, ərazisindən çıxardığı azərbaycanlıların beynəlxalq verifikasiya və zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı, bu məqsədlə BMT və UNESCO-nun missiyalarını qəbul etməyi tələb edir. İcma, həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa zidd davranışlardan, o cümlədən bizim qayıdış hüququmuza əngəl törətməkdən və Azərbaycana qarşı ərazi iddiasından çəkindirmək üçün bu ölkəyə ciddi təzyiqlər etməyə çağırır.

Heç kimə sirr deyil ki, azərbaycanlıların fiziki cəhətdən məhv edilməsi, onların öz tarixi vətənindən qovulması, soydaşlarımıza məxsus maddi-mədəniyyət abidələrinin dağıdılması və mənimsənilməsi ilə yanaşı, bölgə tarixi ermənilər tərəfindən geniş miqyasda saxtalaşdırılmaya da məruz qalıb. Birinci Qarabağ müharibəsindən sonra ermənilər ideoloji müharibədə öz arsenallarında olan daha bir hiylə işlədiblər. Belə ki, onlar işğal etdikləri ərazilərdə ilkin yer adlarının (toponimlərin) demək olar hamısını dəyişdiriblər. O dövrdə qarşıya qoyulan məqsəd belə idi - Qərbi Azərbaycanın və Qarabağın yerli əhalisini bu ərazilərdən qovmaq, azərbaycanlıların tarixi yaddaşını silmək. Lakin tarixi faktlar sübut edir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan isə tarixi Azərbaycan torpaqlarında yaradılıb. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən nəşr edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Bunlar reallıqdır. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub.

Ümumiyyətlə, nəinki Ermənistan, bir sıra hallarda hətta beynəlxalq ictimaiyyət də azərbaycanlıların və ermənilərin qayıdış hüququna bərabər yanaşmırlar. Belə ki, ermənilərin Qarabağa qayıdış məsələsi qabardıldığı halda, azərbaycanlıların perspektivdə Qərbi Azərbaycana - tarixi torpaqlarına qayıtması barədə bir kəlmə də deyilmir. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tamamilə beynəlxalq hüquqa uyğun olmaqla həm də tarixi ədalətin bərpasıdır. Üstəlik, Qərbi Azərbaycan, o cümlədən Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan yerləşdiriliblər. Bu ərazilərdəki toponimlərdə heç bir erməni izinə rast gəlmək mümkün deyil. Hətta antropoloqlar arxeoloji araşdırmaları zamanı ermənilərin qalıqlarının iki əsrdən artıq bir zamanı əhatə etmədiyini vurğulayırlar.

Şəmsiyyə Əliqızı, “İki sahil”