19 sentyabr 2024 15:29
96

Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəhidlər məscidini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki, Komitə sədri ölkədə müxtəlif sahələrin inkişafı istiqamətində ciddi islahatların həyata keçirildiyini, dövlət-din münasibətlərinin də bu diqqət və qayğıdan kənarda qalmadığını qeyd edib.

O bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir: "Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi həssaslıqla yanaşır. Həmçinin Komitə cəmiyyətin mənəvi zənginləşməsinə xidmət edən din xadimləri ilə qarşılıqlı əməkdaşlığın intensivləşdirilməsinə xüsusi əhəmiyyət verir".

Məscid barədə məlumat verən Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık dini ibadətgahın Türkiyə Diyanət Vəqfi tərəfindən iki ölkə arasında dostluq, qardaşlıq əlaqələrinin simvolu kimi 1990-cı ilin 20 Yanvar hadisələri zamanı və Qarabağ müharibəsində şəhid olanların xatirəsini yad etmək məqsədi ilə inşa edildiyini bildirib.

O, məscidin Bakının dini və tarixi əhəmiyyətli məkanlarından biri kimi, həm yerli əhali, həm də turistlər tərəfindən tez-tez ziyarət edildiyini vurğulayıb.

Görüşdə din xadimlərinin fikirləri və təklifləri də dinlənilib.