19 sentyabr 2024 17:41
105

ABŞ Gürcüstanda demokratiyanı sarsıtmaq istəyir - Papuaşvili

ABŞ Gürcüstanda dəyərsiz müxalifətin olduğunu görür və müxtəlif yollarla onları hərəkətə gətirməyə çalışır. Birləşmiş Ştatlar bununla Gürcüstanda demokratiyanı zəiflətmək istəyir.

“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ-ın Gürcüstan rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyaları şərh edərkən söyləyib.

O bildirib ki, ABŞ-ın bu qərarı ölkədə qarşıdan gələn parlament seçkilərinə müdaxilə etmək və müxalifətə dəstək vermək istəyi ilə bağlıdır.

Vaşinqton Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlar departamentinin rəisinə və onun müavininə, həmçinin media platformasının və Alt-İnfo mühafizəkar hərəkatının rəhbərlərinə qarşı “insan hüquqlarının pozulmasına” görə sanksiyalar tətbiq edib. Gürcüstanda “demokratiyanı sarsıtmaq” üçün onlarla vətəndaşa viza məhdudiyyəti də nəzərdə tutulub.

Papuaşvili deyib: “Bu qərarı elan etmək şübhəsiz ki, onun seçkilərlə bağlı olduğu qənaətini yaradır, çünki onlar bizim tamamilə dəyərsiz müxalifətimiz olduğunu görürlər”.

Parlamentin spikeri vurğulayıb ki, “hakim qüvvəyə qarşı səsləndirilən saxta ittihamlar” ictimaiyyətə heç bir təsir göstərməyəcək. (AZƏRTAC)