24 sentyabr 2024 23:57
103

Şəhidlərin xatirəsi yad edilib

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri zamanı Lerik rayonunun Tikəband kəndində anadan olan Azərbaycan Ordusunun hərbi qulluqçuları Rəşad Rasim oğlu Vəlizadə və rayonun Almu kəndində anadan olan Cavad Sadiq oğlu Məhərrəmovun il mərasimləri keçirilib və məzarları ziyarət olunub.

Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyasının Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrini böyük hörmət və ehtiramla anılıb.

Qeyd edək ki, Azərbaycan ordusunun hərbi qulluqçuları Rəşad Vəlizadə və Cavad Məhərrəmov 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olublar.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları Rəşad Vəlizadə və Cavad Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü