24 sentyabr 2024 22:58
99

Unudulmaz qəhrəmanlıq

Əzəli-əbədi yurd yerimiz Qarabağın erməni dığalardan təmizlənməsi uğrunda gedən döyüşlərdə doğma Azərbaycanın müqəddəsliyinə tapınaraq canını ona fəda edən Yusif Xəlilov kimi mərd oğlanlar heç zaman unudulmur. Adı böyük bir xalqın qəhrəmanlıq simvoluna dönən Lənkəran elinin igid oğlu cismən aramızda olmasa da, həmişə xatırlanır. Bu ilki anım günü də qürurlu keçdi. Mərasimə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmi şəxslər, ziyalılar, sadə adamlar, müharibə veteranları qatılmışdı. Şəhidin məzarı ziyarət olundu, ehtiram əlaməti olaraq üstünə təzə gül dəstələri qoyuldu.

İcra başçısı şəhidin yaxınları ilə söhbət etdi, qayğı və problemlərini ətraflı öyrəndi. Həmçinin dövlətin hər zaman onların yanlarında olduğunu bir daha böyük inamla vurğuladı.

Şəhidin yaxınları da öz növbəsində göstərilən həssas yanaşma və diqqətə görə təşəkkür bildirdilər, dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən qayğıya görə səmimi razılığını söylədilər.

1983-cü ildə Lənkəran rayonu Veravul kəndində dünyaya göz açan gizir Yusif Məmmədrza oğlu Xəlilov 18 il orduda nümunəvi xidmət edib. Vətənini göz bəbəyi kimi qoruyub, məqamı gələndə onun yolunda canından keçməyi özünə şərəf bilib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, yağıya qan qusdurub, özü də ağır yaralanıb. Sağaldıqdan sonra tank komandiri kimi yenidən adına can dediyi Azərbaycanın keşiyini çəkib. Lokal antiterror tədbirlərinə qoşulan igid döyüşçü son damla qanına qədər vuruşaraq əbədiyyətə qovuşub. Doğulub boya-başa çatdığı Veravul kəndində torpağa tapşırılıb. Dövlət tərəfindən “Vətən uğrunda” medala və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenə layiq görülüb.
Şərəfli ölümü ilə ölümsüzlüyə qovuşan Yusif Xəlilovun oxuduğu Veravul kənd məktəbində xatirə lövhəsi vurulub. Məktəbdə Yusif Xəlilov adına sinif otağı da fəaliyyət göstərir.

İftixar mənbəyimiz, qürur yerimiz olan Yusifin iki qız övladı Vətəninə yadigar qalıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü