24 sentyabr 2024 17:15
80

Beynəlxalq nüfuz artdıqca Azərbaycan və Özbəkistan dezinformasiya hücumları ilə daha çox üzləşir

Dezinformasiya ilə əsas mübarizə üsullarından biri ictimaiyyətin məlumatlandırılmasıdır və bununla əlaqədar Özbəkistanda Azərbaycan, Azərbaycanda isə Özbəkistan haqqında daha çox məlumatlı olmalıdırlar.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda panel müzakirəsi zamanı deyib.

"On il əvvəl biz bir-birimiz haqqında demək olar ki, heç nə bilmirdik. Bu gün vəziyyət, əlbəttə ki, dəyişir və bu, ilk növbədə, ölkələrimizin liderlərinin qarşılıqlı münasibətləri ilə bağlıdır", - o bildirib.

Sədr qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında sıx əlaqələr iki xalqın yaxınlaşmasına töhfə verir.

Öz növbəsində, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Beynəlxalq münasibətlər şöbəsinin müdiri Nigar Hüseynova vurğulayıb ki, beynəlxalq nüfuzları artdıqca Azərbaycan və Özbəkistan dezinformasiya hücumları ilə daha çox üzləşir. Məqsəd isə ictimaiyyəti çaşdırmaq və informasiya məkanını çirkləndirməkdir.

O, həmçinin vurğulayıb ki, Bakı və Daşkənd əməkdaşlığı daha da genişləndirmək və birgə layihələrin, o cümlədən dezinformasiya ilə mübarizə sahəsində layihələrin sayını artırmaq üçün böyük potensiala malikdir. (Report)