27 sentyabr 2024 00:14
77

Fransanın neokolonialist siyasəti ifşa olunur

Müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin təməl prinsipləri kimi qələmə verməyə çalışsalar da təəssüf ki, neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar. Hazırda  neokolonializmin ən bariz nümunəsi Fransanın timsalında təzahür edir. Bu ölkədə insan hüquq və azadlıqlarına münasibət birmənalı şəkildə fərqli standartlara əsaslanır. Fransanın Əlcəzairdə, Polineziyada, Korsikada, Melaneziyada törətdiyi soyqırımı aktları, Afrika, Cənub -Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkənin işğal edilməsi və insanların kütləvi şəkildə qətlə yetirilməsi, şəhər və kəndlərin xarabazarlığa çevrilməsi bu ölkənin dövlət siyasətinin əsasını təşkil edib. Təkcə Əlcəzairdə bir milyondan çox insanın etnik təmizlənməyə məruz qalması, qətlə yetirilməsi, bu ölkədə nüvə silahlarının sınaqlarının keçirilməsi üçün ərazilərin çirkləndirilməsi və beş milyondan artıq minanın basdırılması məhz rəsmi Parisin bəşəri cinayətləridir. Həmin basdırılan minaların xəritəsi bu gün də Əlcəzair hökumətinə təqdim edilməyib. Baxmayaraq ki, Əlcəzair 60 ildən artıqdır ki, rəsmi Parisin müstəmləkəsindən azad olub.

Fransanın dənizaşırı əraziləri hesab olunan ölkələrdə son illər rəsmi Parisə qarşı etirazlar baş qaldırmaqdadır. Həmin ərazilərdə yerləşən ölkələr artıq, Fransa zülmündən xilas olmaq və müstəqil dövlətə çevrilmək üçün qəti mübarizəyə başlayıblar. Fransanın müstəmləkəçilik siyasətindən, hüquqlarının tapdalanmasından artıq cana doyan yerli xalqlar öz ölkələrində müstəqil yaşamaq, öz müqəddəratlarını özləri müəyyənləşdirmək istəyirlər. Müstəqillik arzusunda olan, bu yolda minlərlə can qurban verən xalqlardan biri də  kanaklardır. Bu günlərdə kanak xalqının Bəyanatı yayıldı. Bəyanatda deyilir: “1981-ci ildə edam edilən müstəqillik lideri Pierre Declercqin sui-qəsdçilərinin peşman olmadıqları görünür. Buna görə də, dövlətin üç gənc Kanakı güllələmək üçün bu qədər vasitəni işə salmağa vadar edən səbəblərini sorğulamaq haqqımızdır. Daha da narahatedici olan isə hələ də sağ olan qəbiləmizin gənclərindən, qardaşlarının eyni aqibəti ilə üzləşməmək üçün, hakimiyyətə təslim olmalarının tələb edilməsidir. Hər kəs bilir ki, belə kiçik bir ərazidə onlar istənilən anda yaxalanıb həbs oluna bilərlər. Beləliklə, Saint-Luis adasında ədalət qeyri-adi sürətlə “bərpa olunmağa” çalışılır. Halbuki, hakim Claire-Marie Casanovanın dediyi kimi, “ədalət heç vaxt zamanında yerində deyil, heç vaxt vaxtından əvvəl olmayıb, həmişə gecikməsi ilə tənqid olub”. Bəs niyə qəbiləmizin hüquqi məsələlərində birdən-birə bu tələsiklik var? Bu sualın cavabı tələb olunur, çünki dövlətin bu məsələdəki həqiqi motivləri ilə bağlı şübhələrimiz var. Əminliklə bildiyimiz tək şey budur ki, bu dövlət üçün nə hüquqa hörmət edilməsi, nə də insan həyatlarının itirilməsi onun ilahi missiyasını yerinə yetirməyinə əngəl törətmir. Buna əmin olmaq üçün sadəcə olaraq bizim yollarımızda qanunsuz şəkildə dövr edən hərbi avtomobillərin sayının artmasını müşahidə etmək kifayətdir. Sanki qəbiləmizin ətrafında Sakit Okeanın Berlin divarını tədricən yüksəldirlər. Torpaqlarımız blokadaya alınıb, əhalimiz aclıq çəkir və gənclərimiz öldürülür. Biz artıq yerli məhkəmədən heç nə gözləmirik. Ona məcburən müraciət edirik, amma onun ədalətsiz qərarları güclüləri qoruyur, zəifləri əzir və bizi anlaşılmazlığın dibinə salır. Biz Saint-Luis qəbiləsinin, istəmədən də olsa, dövlət tərəfindən təşkil edilmiş dəhşətli bir oyunun mərkəzində olduğuna əminik. Burada qurbanlar dövlət tərəfindən təşkil olunan bir propaqandanın vasitəsilə cəllad kimi təqdim edilir və beləliklə müstəmləkə nizamı qorumağa çalışırlar. Əgər Saint-Luisdəki hazırki sistem dövlətin bütün ərazini nəzarətdə saxlama iddiası üçün bir «qəza testi» kimi təsvir edilirsə, bilsin ki, bütün bir qəbiləni şəhid etməsi bəlkə də Kanak xalqının müstəqillik arzusunu boğmaqdan daha asan olacaq”. Bəyanatı Qəbilə klan başçıları Şurasının sədri Eugene Decoire və şuranın üzvü Yohann Vamytan imzalayıb.

Göründüyü kimi, hər zaman sülh tərəfdarı olan bir ölkə kimi Azərbaycan müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizəni həmişə dəstəkləyib, bu istiqamətdə öz səylərini əsirgəməyib, Qoşulmama Hərəkatının sədri qismində müstəmləkəçiliyə qarşı mübarizədə öz prinsipial mövqeyini nümayiş etdirib. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Azərbaycan müstəmləkə və məzlum xalqlar üçün daim ümid yeri olub.

Şəmsiyyə Əliqızı, “İki sahil”