44 günlük haqq savaşımızda 30 ilə yaxın düşmən tapdağında qalan Azərbaycanın müqəddəs bir parçası, əzəli yurd yerimiz Qarabağı qanı bahasına işğaldan azad edərək xalqımıza Qələbə sevinci yaşadan Vətənin qeyrətli övladları cismən aramızda olmasalar da, milyonların ürəyində özünə əbədi məkan qurublar. İgidliyi, mərdliyi dillərdə dastana dönən Cəlilabad rayonunun Cəfərxanlı kəndində boya-başa çatmış Səyadulla Rasim oğlu Əhmədov da məhz Vətənin yaşaması naminə müharibənin ilk günlərində gözünü qırpmadan özünü odun-alovun içinə atıb. Yağıya qaşı son nəfəsə qədər döyüşüb, torpağa axıtdığı qani ilə yeni bir tarix yazıb. 22 yaşında şəhidlik zirvəsinə ucalan Səyadulla təkcə doğmaları üçün deyil, bütün Azərbaycanın iftixar mənbəyi, qürur yeridir.
Səyadulla ailənin ilk övladı olub. Həyatı dərk edən gündən yurduna ürəkdən bağlanıb. Tərbiyə aldığı ailədə gördükləri yalnız yaxşılıq, xeyirxahlıq olub. Sadəliyi, təvazökarlığı, yurd təəssübkeşliyi tez də onu el-oba gözündə ucaldıb. 2017-ci ildə ləyaqətli, Vicdanlı oğul kimi Vətənin keşiyinə yollanıb. Naxçıvanda xidməti zamanı ən nümunəvi əsgərlər arasında adı çəkilib. Vətənə məhəbbəti, cəsurluğu, düşmənə nifrət hiss Səyadullaya bütün təlimlərdə uğur qazandırıb. Düşmənlə döyüşə getməyə həmişə hazır olub.
Qəlb dünyası doğma Azərbaycana sevdalı gənc Vətənə, dövlətinə ləyaqətlə xidmət edib, üzüağ ordu sıralından tərxis olunub. Həmişə Qarabağımızın işğalına qarşı barışmaz mövqedə duran Səyadulla 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribatdan sonra dığaların ilan başını döyüş meydanında əzmək üçün könüllü olaraq hərbiyə gedib. Vətən müharibəsinə bir həftə qalmış təlimlərə qatılıb. Və cəsurluğu, çevikliyi ilə diqqət mərkəzində qalan, düşməndən layiqli qisas alacağına and içən igid əsgər deyib:” Şəhid qanı axmayan torpaqdan Vətən olmaz.”
44 günlük haqq savaşımızda Səyadullanın döyüş yolu tağım komandiri kimi ən qayna bölgə olan cənub istiqamətindən başlanıb. Sərrast atıcı öndə getməklə qatıldığı ağır döyüşlərdə böyük rəşadətlə vuruşub. Yağının kabusuna çevrilib, neçə-neçə həbi texnikasını məhv edib, onlarla dığanın axırına çıxıb. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşlərdə xüsusilə fərqlənib. Torpaq uğrunda can qoyan, mərdlik göstərə qəhrəman 2 oktyabrda yağı gülləsinə tuş gəlib. Torpağa axıtdığı al qırmızı qan Azərbaycanın üçrəngli qələbə bayrağına dönüb. Müharibə meydanında göstərdiyi rəşadəti ölümündən sonra “ Vətən uğrunda”, “ İgidliyə görə”, Füzulinin və Cəbrayılın azadlığı uğrunda medallarla təltif edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü