05 oktyabr 2024 14:41
95

"Naxçıvan"ın baş məşqçisi: Bu mövsüm daha fərqli basketbol sərgiləyəcəyik

"Neftçi" ilə oyuna qədər tam hazır olmaq istəyirik.

“İki sahil” xəbər verir ki, bunu "Naxçıvan" basketbol komandasının baş məşqçisi Murat Dikmen deyib.

Klubun mətbuat xidmətinə danışan türkiyəli mütəxəssis yeni mövsümün hazırlıqlarına başladıqlarını bildirib: "Artıq 2 həftədir bütün komanda olaraq hazırlıqlarımızı davam etdiririk. Yeni yerli və legionerlərlə birlikdə bambaşqa bir komanda olduq. Ötən ilki əsas heyətdən yalnız Cordon Perkins bizimlə birlikdədir. Bu mövsüm daha fərqli basketbol sərgiləyəcəyik. Komanda olaraq daha sürətli oyuna üstünlük verəcəyik. Oyunçularımın hazırlıqlarından razıyam. "Neftçi" ilə oyuna qədər tam hazır olmaq istəyirik. Komandamızın həm hücum, həm də müdafiə sisteminin möhkəmlənməsi üçün zamana ehtiyacı var. Qarşıdakı günlərdə yeni oyunçu transfer etmək istəyirik. Bütün kollektivimizdən razıyam".

Qeyd edək ki, "Naxçıvan" Azərbaycan çempionatının I turunda oktyabrın 18-də "Neftçi" ilə qarşılaşacaq.