05 oktyabr 2024 15:01
106

"Geopolitika”da Azərbaycan diplomatının COP29 zamanı atəşkəs təşəbbüsü haqqında məqaləsi dərc olunub

Norveçin “Geopolitika” qəzetində Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun cari ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və bu mötəbər tədbir zamanı atəşkəs təşəbbüsü haqqında məqaləsi dərc olunub.

“İki sahil” xəbər verir ki, planetimiz üçün real təhlükə yaradan iqlim böhranı ilə ekosistemi məhv edən, torpağı, suyu və havanı çirkləndirən münaqişələr arasında sıx əlaqənin olduğunu vurğulayan Z.Əhmədov Azərbaycanın irəli sürdüyü konfrans zamanı atəşkəs təşəbbüsündən və rəsmi şəkildə qeyd edilən 21 Sentyabr - Beynəlxalq Sülh Günündən yazıb.

Diplomat, həmçinin Azərbaycan ərazilərinin əhəmiyyətli bir hissəsində kütləvi dağıntılara və ekoloji ziyana səbəb olan Ermənistanla uzunmüddətli münaqişəni xatırladıb. Məqalədə diqqətə çatdırılıb ki, İrəvanla sülh prosesində son irəliləyişlər və Ermənistanın Azərbaycanın COP29 üçün uğurlu təklifini dəstəkləməsi ümumi mənafe üçün ən çətin vəziyyətlərdə belə əməkdaşlıq potensialını vurğulayır.

“COP29 çərçivəsində atəşkəs təşəbbüsü sadəcə diplomatik jest deyil. Bu, eyni zamanda, dayanmaq, düşünmək və ümumi problemimizə - iqlim dəyişikliyinə qarşı birlikdə hərəkət etmək üzrə real fəaliyyətə çağırışdır. Bu təşəbbüs münaqişələrə qalib gələ biləcəyimizi, planetin rifahını üstün tuta biləcəyimizi, bəşəriyyət naminə daha dayanıqlı və dinc gələcək axtarışında birləşə biləcəyimizi göstərmək üçün bir şansdır”, - deyə Z.Əhmədov məqaləsində qeyd edib.