05 oktyabr 2024 16:31
115

Zəngilan Rəqəmsal İdarəetmə Mərkəzi innovativ həll layihəsidir

"Prezidentin izi ilə" ənənəvi media-tur iştirakçıları Zəngilan şəhərində Rəqəmsal İdarəetmə Mərkəzinin (RES) tikintisi ilə tanış olublar.

“İki sahil” xəbər verir ki, Qarabağ RES-in istismar üzrə rəis müavini Rəşad İbrahimov bildirib ki, Mərkəz iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir: "Həmçinin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib. Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır".

Rəşad İbrahimov onu da qeyd edib ki, rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi verilişində fasilələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən ala bilərlər: "Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə işin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, yaşıl enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur".