06 oktyabr 2024 19:23
102

İsrail parlamentinin komissiyası UNRWA-nın ölkədə fəaliyyətinə qadağa qoyulmasını dəstəkləyib

İsrail Knessetinin (parlament) Xarici işlər və müdafiə üzrə komissiyası BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan iki qanun layihəsini dəstəkləyərək parlamentə tövsiyə edib.

"İki sahil"in “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, bu, qanun layihələrinin Knessetdə ikinci və üçüncü oxunuşdan keçərək qüvvəyə minməsinə imkan verəcək. Birinci qanun layihəsi İsrailin dövlət orqanlarına UNRWA ilə hər hansı əlaqə saxlamağı qadağan edir. İkinci qanun isə bu qurumun faktiki İsrail ərazisində fəaliyyətinə qadağa qoyur.

Qeyd edək ki, BMT Baş katibi Antoniu Quterriş İsrail Baş naziri Binyamin Netanyahuya məktub yazıb. Bildirilib ki, həmin qanunlar qəbul ediləcəyi təqdirdə İsrailin nəzarətində olan fələstinlilərin yaşadıqları Qəzza sektorunda və İordan çayının qərb sahilində humanitar əməliyyatların davam etdirilməsi mümkün olmayacaq. BMT-nin adı çəkilən qurumu 1949-cu ildən bu ərazilərdəki fələstinlilərə humanitar yardım təqdim edir.