07 oktyabr 2024 20:14
95

Gürcüstan ABŞ-ın bayrağındakı 51-ci ulduz deyil - Vato Şakarişvili

Gürcüstanda hökumətə, dövlətə ciddi müxalifət yoxdur. Bu da hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının üstünlüyünü göstərir. Sabitlik, inkişaf tərəfdarı olan xalq hakim partiyanı dəstəkləyir. Hazırkı hakimiyyəti istəməyən, qəbul etməyən dairələr, Qərb və ABŞ administrasiyası isə Gürcüstanda sabitliyi pozmağa çalışır.

“İki sahil” xəbər verir ki,  bunu AZƏRTAC-a müsahibəsində gürcü politoloq, professor Vato Şakarişvili söyləyib. Onun sözlərinə görə, ABŞ-ın təsiri altında olan Qərb dairələri, Avropa İttifaqı açıq-aşkar seçki kampaniyasına müdaxilə edirlər. Onların məqsədi Gürcüstanda qanuni hakimiyyəti qeyri-demokratik yolla dəyişməkdir. Qeyri-diplomatik yolla çalışırlar ki, oktyabrın 26-da keçiriləcək seçkiləri antidemokratik elan etsinlər. Onlar çalışacaqlar ki, cəmiyyətdə qarışıqlıq yaratsınlar. Özlərinə tabe edə biləcəkləri şəxsləri hakimiyyətə gətirməklə Gürcüstanı öz istədikləri kimi idarə etsinlər.

Politoloq bildirib ki, həmin qüvvələr LGTB-ni dəstəkləyən qanunları Gürcüstanda tətbiq etməyə çalışırlar. Bundan başqa, Rusiyaya qarşı ikinci cəbhə açmaq, sanksiyalar tətbiq etmək istəyirlər.

“Amma unudurlar ki, Gürcüstan ABŞ-ın bayrağındakı 51-ci ulduz deyil. Gürcüstan azad, suveren, demokratik və müstəqil bir dövlətdir. Bizim xalq əsrlər boyu bu dəyərlər uğrunda qan töküb və vuruşub. Biz çox müharibələrə sinə gərmişik. İndi isə kənar qüvvələr bizim daxili işlərimizə qarışsalar, bu, çox pis nəticələr verə bilər”, - deyə V.Şakarişvili vurğulayıb.