10 oktyabr 2024 11:10
363

Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabr ayının 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

2023-cü il oktyabr ayının 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. O, bayrağımızı əzəli torpağımızda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil. Göstərdi ki, nə qədər çətinliklərlə, ağır vəziyyətlə üzləşsə də, xalqımız heç nədən qorxmur, öz hədəfinə doğru inamla irəliləyir və məqsədinə nail olur.

Prezidentimiz İlham Əliyev çıxışında “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər...”

Bu tarixi günü, bu çıxışı xalqımız heç zaman unutmayacaq. Hər kəs bu çıxışı sevinərək dinləyirdi. İlham Əliyevin güclü strategiyası sayəsində ərazi bütövlüyümüzün qorunması xalqımızda ona inamı daha da artırdı. Xalq həmişə İlham Əliyevin  onların yanında və arxasında olduğunu hiss edir. Çünki, xalqımız hər işdə onun dəstəyini görür. Prezident İlham Əliyevin də dediyi kimi “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!...”

Səbinə Həsənova,
24 №li tam orta məktəbin ibtidai sinif müəllimi