12 oktyabr 2024 19:46
122

İki boksçusumuz Avropa çempionatına qələbə ilə başlayıb

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatına start verilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 35 ölkədən 327 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb. Ruslan Qədirov (60 kq) 1/16 final çərçivəsində Georgios Georgantsasla (Yunanıstan) üz-üzə gəlib. Hər 3 raundda üstün olan boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Stefan Samoviçlə (Serbiya) döyüşəcək.

Qədirovun uğurunu İlqar Salahov da davam etdirib. 67 kq-da mübarizə aparan milli üzvü xorvatiyalı Qoran Mioçiçə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Salahov 1/8 finalda Safi Abo Şabanla (İsrail) münasibətinə aydınlıq gətirəcək.

Hər 2 boksçumuz ikinci qarşılaşmasına oktyabrın 13-də rinqə çıxacaq. Qeyd edək ki, Azərbaycan yığması çempionata 13 boksçu ilə yollanıb.