17 oktyabr 2024 01:25
94

Azərbaycan-Gürcüstan dostluğunun faydası ümumilikdə Avrasiya üçün əvəzolunmazdır

Gürcüstan Azərbaycanla, ilk növbədə, enerji ticarəti vasitəsilə daha sıx iqtisadi əlaqələr saxlasa da, Tbilisi və Bakı arasında diplomatik, mədəni və s. sahələrdə də əlaqələr çox güclüdür. Gürcüstanla Azərbaycanın dostluğu, qardaşlığı dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Azərbaycanda Ümummilli Lider Heydər Əliyev, Gürcüstanda Eduard Şevardnazde hakimiyyətə gəldikdən sonra ölkələrası dostluq daha da möhkəmləndi. Hər iki lider sovet dövründə birgə çalışmışdılar və aralarındakı şəxsi dostluq ikitərəfli münasibətlərə də müsbət təsir göstərmişdi. Elə o vaxtdan bu iki müstəqil dövlət daim bir-birinin yanındadır. Çünki dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur. Gizli geosiyasi gündəmləri sülh proseslərinə xələl gətirməkdən başqa bir şey olmayan bəzi dövlətlərdən fərqli olaraq Gürcüstanın mövqeyi daim regional təhlükəsizliyin təşviqində maraqlı olan qərəzsiz qonşu mövqeyi olub.

Cənubi Qafqazda həm Azərbaycan, həm Ermənistanla həmsərhəd olan bir ölkə kimi Gürcüstan münaqişənin regional nüansları və mürəkkəbliyi haqqında anlayışa malikdir. Hər iki ölkə ilə yaxınlığı Gürcüstana regiondakı mübahisələrin əsasını qoyan tarixi, mədəni və geosiyasi anlayışından - münaqişə tərəfləri arasında etimadın və dialoqun gücləndirilməsində mühüm rol oynaya biləcək biliklərdən istifadə etməyə imkan verir.

20-ci əsrdə hər iki ölkənin taleyi də bənzər olmuşdur, demək olar ki, eyni hadisələr yaşamışdır. Hər iki ölkə 1918-ci ilin mayında müstəqillik əldə etmiş, Azərbaycan 1920-ci ildə müstəqilliyini itirdikdən sonra Gürcüstan cəmi bir il artıq mövcud olmuşdur. 1918-1920-ci illərdə birgə səylər və qarşılıqlı dəstək beynəlxalq tanınma üçün birgə lobbi fəaliyyətini əhatə edirdi. 1919-cu ildə Fransa ilə Zaqafqaziya respublikaları arasında iqtisadi əlaqələri inkişaf etdirmək məqsədilə Fransa-Qafqaz Komitəsi yaradıldı. Həmin il Azərbaycan və Gürcüstan hökumətləri öz fikirlərini Qərbdə təbliğ etmək və ABŞ-dan dəstək almaq üçün ABŞ konqresmeni Uilyam Çandler ilə saziş imzaladılar. Bundan əlavə, hər iki ölkə Paris Sülh Konfransında əməkdaşlıq etdi və 1919-cu ildə müdafiə xarakterli hərbi paktı imzaladı. İqtisadi əməkdaşlığın gücləndirilməsi əsas prinsip idi: müstəqillikdən sağ çıxmaq və rifah yaratmaq üçün hər iki ölkəyə davamlı ittifaq lazım idi.

Dövr, zaman dəyişsə də, münaqişələri səngiməyən, problemləri daha da artan bu “yeni dünyada” da iki qonşu ölkə dostluğunu və Cənubi Qafqazda potensial sülhməramlı rolunu qoruyur.

Uzunmüddətli dostluq münasibətlərinin davamı kimi onu da xatırladaq ki, bu ilin mart ayında baş nazir seçildikdən sonra ilk rəsmi səfərlərindən birini məhz Azərbaycana edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təkbətək görüşü baş tutdu. “Bizim ölkələri tarixi dostluq bağları birləşdirir və bu münasibətlər çox möhkəm təməl üzərində qurulub. Əminəm ki, bu münasibətlər bundan sonra da eyni ruhda davam edəcək. Hazırda bizim siyasi, iqtisadi və digər sahələrdə çox gözəl dialoqumuz var, müsbət dinamikamız mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir”, -deyə görüşdə Baş nazir bildirmişdi.

Görüşdə artıq təməli qoyulmuş layihələrdən başqa, bir sıra yeni birgə işlərdən də danışılıb, gələcək üçün yeni planlar qurulub.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır. Nəqliyyat, energetika sahələrində, yaşıl enerji sahəsində planlaşdırılan yeni birgə layihələr Azərbaycanın bu rolunu daha da artıracaq. Gürcüstan və Azərbaycan dostluğunun hər iki tərəfə faydası Cənubi Qafqaz, ümumilikdə Avrasiya regionu üçün əvəzolunmazdır.

Nubar Süleymanova, “İki sahil”