17 oktyabr 2024 00:42
103

Dildə sülh, əməldə hərb

Hazırda Azərbaycanla Ermənistan arasında sülhə nail olunması və münasibətlərin normallaşdırılması üçün zəmin yaranıb. Amma görünən odur ki, təcavüzkar ölkə xəstə erməni təfəkküründən əl çəkə və reallığı düzgün dəyərləndirə bilmir. Hətta İrəvan rəsmiləri bu və ya digər  görüşlər və tədbirlər çərçivəsində çıxışlarında, açıqlamalarında reallıqları təhrif edir və əsl həqiqətlərə kölgə salırlar. Digər tərəfdən, özünü “sülh göyərçini” cildində göstərməyə çalışan sözügedən ölkə silahlanmaqda davam edir. Bəli, bu gün konstitusiyasında qonşulara ərazi iddiaları olan müddəaları aradan qaldırmayan Ermənistan sülhdən yalan-palan danışmaqla yanaşı,  genişmiqyaslı silahlanmasını da həyata keçirir. Yəni, Ermənistan həmişə olduğu kimi indi də “dildə sülh, əməldə hərb” istiqamətində siyasət yürüdür. Bu isə  Ermənistanın müharibəyə hazırlaşdığından, sönmüş münaqişə ocağını körükləmək niyyətindən xəbər verir.

Hayastanın ABŞ, Fransa və digər ölkələrlə yanaşı, Cənubi Asiya dövləti sayılan,  mötəbər tribunalardan beynəlxalq hüquqdan danışan, Qoşulmama Hərəkatının üzvü  olan Hindistanla hərbi-siyasi tərəfdaşlığını dərinləşdirməsi bunun sübutudur. Belə ki, Hayastanın xahişini nəzərə alan Hindistanın Müdafiə Nazirliyi Ermənistana "Pralay" kvaziballistik raketlərinin satışına icazə verib. "Alpha Defence" portalı bu məlumatı  təsdiqləyərək "Hindistan raketlərinin dost ölkəyə ixracına icazə verildiyini" bildirib.  Hətta xəbərə “Pralay”ın fotosu da əlavə olunub. Bundan əvvəl "Indian Defense Research Wing" yazıb ki, Hindistan yaxın vaxtlarda bu raketlərin Ermənistana tədarükü ilə bağlı müqavilə bağlamağı planlaşdırır. Şübhəsiz, Hindistanla Ermənistanın belə hərbi əməkdaşlığı Cənubi Qafqaza əmin-amanlıq, sülh vəd etmir. Məlumat üçün bildirək ki, “Pralay” raketi  500 km məsafədəki hədəfləri vurmağa qadirdir.

Digər tərəfdən, Pakistanın Azərbaycanla olan dost münasibətlərini gözü götürməyən Ermənistanın ölkəmizə qarşı yeni təxribatlar hazırlığı fonunda ballistik raket almaq istəyi olduqca düşündürücüdür. Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Ermənistan cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşən şəhərlərimizi – Gəncə, Bərdə, Tərtəri və digər ərazilərimizi raket atəşinə tutmuşdu. Bu mənada heç kim Ermənistanın kvaziballistik raketə sahib olacağı təqdirdə, bundan mülki əhalini hədəfə almayacağına zəmanət verə bilməz. Havadarları isə Ermənistanı silahlanmadan çəkindirmək əvəzinə bölgədəki cinayət faktorlarına dəstək verir.

Yeri gəlmişkən qeyd edək ki, bir müddət öncə Hindistan  təcavüzkar ölkəyə öz istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Svati” adlanan radarlar, həmçinin tank əleyhinə raketlər və digər döyüş sursatları verib. Ötən ay isə Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti “Hyundai Rotem” tərəfindən hazırlanmış K2 “Qara panter” əsas döyüş tanklarının alınması imkanlarını araşdırmaq üçün Cənubi Koreyaya səfər edib. Şübhəsiz, Ermənistanın Fransadan, ABŞ-dan, Hindistandan silah-sursat alması, Yunanıstan və Kipr Respublikası ilə hərbi və hərbi-texniki əməkdaşlığı genişləndirməsi, bu ölkələrin siyahısına Cənubi Koreyanın da qoşulması ciddi mətləblərdən xəbər verir. Bu yerdə Prezident İlham Əliyevin aşağıdakı sözlərini  xatırlamaq yerinə düşər: “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda reallıqdan uzaq fikir formalaşdırırlar. Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin aqibəti insanlar və onların ruhu sayəsində həll edilir”.

Bəli, havadarlarının diktəsi ilə sülhdən yayınan, sürətlə silahlanan Ermənistan unutmasın ki, proseslər bu formada davam edərsə, Azərbaycan öz təhlükəsizliyini təmin etmək hüququndan istifadə edə bilər. Yeri gəlmişkən, oktyabrın 12-də nazir, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilmiş xidməti müşavirədə qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”