16 oktyabr 2024 20:05
100

Blinken noyabrın 5-də keçiriləcək seçkilərdən sonra plan təqdim edə bilər

ABŞ Dövlət katibi Antoni Blinken noyabrın 5-də ölkədə keçiriləcək prezident seçkilərindən sonra Qəzza zolağının müharibədən sonrakı idarə olunması planını təqdim edə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, söhbət İsrail və BƏƏ tərəfindən hazırlanmış təkliflərə əsaslanan plandan gedir.

Qeyd olunur ki, Amerika administrasiyasındakı bəzi rəsmilər bu planın Fələstin Prezidenti Mahmud Abbasın başçılıq etdiyi Fələstin Milli Administrasiyasını diqqətdən kənar qoymaq kimi dəyərləndiriləcəyindən narahatdır. Portal yazır ki, təşəbbüs, digər məsələlərlə yanaşı, münaqişənin iki dövlətli həllini və Qəzzada humanitar yardım paylayacaq, asayişi təmin edəcək və Fələstin anklavını idarə etmək üçün zəmin yaradacaq beynəlxalq missiyanın yerləşdirilməsini nəzərdə tutur.

İddia olunur ki, Blinken və bir sıra digər ABŞ rəsmiləri Fələstinin radikal HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı razılaşmanın Prezident Cozef Baydenin səlahiyyət müddəti dövründə əldə oluna bilinməyəcəyini düşünür. “Bu vəziyyətdə son bir neçə həftə ərzində müzakirələri intensivləşən Qəzzanın müharibədən sonrakı idarə olunması planı münaqişəyə son qoymaq üçün başlanğıc nöqtəsi ola bilər”, - “Axios”un mənbələri deyib. (Report)