19 oktyabr 2024 10:56
150

Can Nin: Azərbaycan hər zaman beynəlxalq məsələlərdə fəal iştirak edib

Azərbaycan hər zaman beynəlxalq məsələlərdə fəal iştirak edib. Bu il Azərbaycan hazırda dünyanın gələcəyində böyük əhəmiyyət daşıyan COP29-a ev sahibliyi edəcək.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutunun şöbə müdiri Can Nin söyləyib.

Çinli tədqiqatçı iqlim dəyişikliyinin beynəlxalq aləmə böyük təsir göstərdiyini, xüsusən qlobal istiləşmənin, buzlaqların əriməsinin buna misal olduğunu deyib.

“Bunlar mahiyyət etibarilə iqtisadi və sosial dəyişikliklərə təsir edən vacib aspektlərdəndir”, - deyən Can Nin əlavə edib ki, sözügedən problemlərlə mübarizə üçün bir çox ölkə elm və texnikanı, rəqəmsal texnologiyanı inkişaf etdirir, yeni enerji mənbələri axtarır.

Çinli tədqiqatçı iqlim dəyişikliyi ilə mübarizənin təkcə ekoloji mühitin qorunması baxımından deyil, ümumilikdə bəşəriyyət üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.