24 oktyabr 2024 02:58
170

Hazırlıq işləri artıq son mərhələdədir - COP29

Bakıda bu ilin noyabr ayında baş tutacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri son mərhələyə çatır. Prezident İlham Əliyev bu günlərdə "MAN Truck&Bus" şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edərkən bildirib ki, ölkədə bu böyük tədbirə hazırlıq müddətinin az olmasına baxmayaraq, Azərbaycan konfransın yüksək səviyyədə təşkil olunması üçün bütün səylərini əsirgəmir. Dövlətimizin başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını vurğulayıb.

COP29-a hazırlıq çərçivəsində diqqət çəkən məqamlardan biri odur ki, konfransın əsas məkanı olacaq Bakı Olimpiya Stadionu enerji təchizatı üçün ənənəvi yanacaq mənbələrindən deyil, aşağı karbonlu yanacaq olan hidratlaşdırılmış bitki yağı (HVO) ilə təmin ediləcək. Belə ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti konfransın 7 əsas öhdəliyi özündə ehtiva edən dayanıqlılıq siyasətinə əsaslanaraq təşkil edir. Bu öhdəliklərin ən başlıcası bərpaolunan enerji istifadəsi, enerji səmərəliliyi və qaçılmaz emissiyaların balanslaşdırması yolu ilə istixana qaz (İXQ) emissiyalarını azaldaraq karbon neytrallığı konsepsiyasına nail olmaqdır. Birdəfəlik plastiklərin azaldılması, dayanıqlı nəqliyyat xidmətləri və ekoloji cəhətdən təmiz satış məhsullarının təchizatı kimi dayanıqlı təcrübələrin təşviqi dayanıqlılıq siyasətinə əsasən ikinci əsas öhdəlikdir.

Hidratlaşdırılmış bitki yağı (HVO) aşağı karbonlu yanacaq mənbəyidir və onun yanması zamanı yaranan karbon emissiyaları bu yağı hazırlamaq üçün istifadə olunan bitkilərin udduğu karbonla kompensasiya olunur. Bu isə HVO-nu ənənəvi qazıntı yanacaqdan daha dayanıqlı alternativə çevirir. Bundan əlavə, HVO tədbir məkanlarında və ətrafda havanın keyfiyyətini yaxşılaşdıraraq bərk hissəciklər, azot oksidləri və kükürd oksidləri kimi zərərli tullantıları əhəmiyyətli dərəcədə azaldır. HVO ilə yanaşı, tədbir məkanın bütün digər enerji ehtiyacları konfrans tarixləri ərzində bərpaolunan enerji mənbələrindən təmin edəcək. Bu innovativ təşəbbüs COP29 Enerji keçidi üzrə Tərəfdaş - “SOCAR Green” şirkətinin dəstəyi ilə reallaşacaq. Sözügedən şirkət tədbir məkanını elektrik enerjisi ilə təmin etmək üçün lazımi HVO həcmlərinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu fakt Azərbaycanın daha dayanıqlı və aşağı karbonlu enerji gələcəyinə keçidlə bağlı böyük hədəflərini əks etdirir.

HVO-nun davamlı enerji həlli kimi təqdim olunması Azərbaycanın COP29 konfransına hazırlığında mühüm bir addım təşkil edir. Lakin COP29 çərçivəsində keçirilən digər tədbirlər də Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətini göstərir. Belə ki, tədbirin əsas mərkəzi olan Bakı Olimpiya Stadionunda "Mavi Zona"nın 95%-i tamamlanıb və tam fəaliyyətə hazırdır. BMT-nin tam nəzarətində olacaq bu zona konfransın əsas müzakirələrinin mərkəzi olacaq. Həmçinin "Yaşıl Zona" da qonaqların iqlim dəyişikliyi mövzusunda fərdi dialoqları və əməkdaşlıq əlaqələrini genişləndirmələri üçün bir platforma olaraq fəaliyyət göstərəcək. Bu zona dövlət və özəl sektor nümayəndələri üçün qlobal iqlim böhranına qarşı birgə həll yollarını müzakirə etmək üçün inklüziv imkanlar təqdim edir.

"Yaşıl Zona" qonaqlar üçün fərdi dialoq və əməkdaşlıq üçün geniş imkanlar təqdim edərkən COP29 konfransının digər mühüm təşəbbüsləri də Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki qətiyyətini əks etdirir. Bu çərçivədə ölkədə ilk vahid ətraf mühit, sosial və idarəetmə (ESG) platformasının yaradılması planlaşdırılır. Bu platforma iqlim dəyişikliyi ilə mübarizə aparan qurumlar və fərdlər üçün vahid bir hab rolunu oynayacaq. Bundan əlavə, Azərbaycanda "COP Miras" parkının açılması da nəzərdə tutulur. Bu isə ölkənin iqlim dəyişikliyi ilə mübarizədə göstərdiyi davamlı səyləri simvollaşdıracaq.

Yeri gəlmişkən, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Sədrliyi iqlim dəyişikliyi ilə mübarizədə ambisiyaların artırılmasına və fəaliyyətin sürətləndirilməsinə yönəlmiş bir sıra yeni təşəbbüs, bəyannamə və öhdəliklər təqdim edib. COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin Bakıda keçiriləcək BMT-nin iqlim sammitinə dair sədrlik proqramı çərçivəsində yaydığı məktubunda, təqdim olunan təşəbbüslərə COP29 Atəşkəs Çağırışı; qlobal enerji anbarları və şəbəkələri öhdəliyi, yaşıl enerji üzrə zona və dəhlizlər öhdəliyi, hidrogen; yaşıl rəqəmsal fəaliyyət, üzvi tullantıların tərkibindəki metan qazının azaldılması və s. haqqında bəyannamələr aiddir. Onlar iqlim fəaliyyətinin əsas prioritetlərini əhatə edir, həmçinin diqqəti unudulmuş istiqamətlərə cəlb edir.

Məktubda deyilir ki, COP29 Sədrliyi bütün ölkələri və qeyri-dövlət qurumlarını iqlim prosesinə etimadı artırmaq və keçmiş öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün bu bəyannamə və öhdəliklərə qoşulmağa çağırır. Bir çox təşəbbüslər sürəti qorumaq üçün mövcud öhdəliklərə əsaslanır.

COP29 Atəşkəs Çağırışı artıq 127 ölkə və 1100-ə yaxın qeyri-dövlət subyektini səfərbər edib. Eyni zamanda,  konfransın uğurla keçməsi və qlobal iqlim fəaliyyətində əhəmiyyətli irəliləyişin əldə edilməsi üçün bütün tərəflərə birgə çalışmağa çağırış edilir. Məktubda qeyd edildiyi kimi ambisiyaların artırılması və aydın hədəflərin müəyyənləşdirilməsi iqlim dəyişikliyi ilə effektiv mübarizənin açarıdır.

Nigar Orucova, “İki sahil”