31 oktyabr 2024 16:30
539

Star NEZ-in ilk yenidənqurma prosesi uğurla başa çatıb

Türkiyənin ən böyük birbaşa xarici sərmayədarı və ən böyük inteqrasiya sənaye qrupu olan “SOCAR Türkiyə”nin qrup şirkətlərindən biri olan Star neft emalı zavodunun (NEZ) təxminən iki aya yaxın davam edən planlaşdırılmış təmirə dayandırılması uğurla başa çatıb. Star NEZ-in ilk dəfə təmir-profilaktika işləri və avadanlıqlara texniki qulluq üçün fəaliyyətinə planlı şəkildə fasilə verilib və müəssisədəki bütün avadanlıqlarda texniki xidmət və yenidənqurma işləri aparılıb.

“SOCAR Türkiyə”nin digər şirkəti Petkim ilə inteqrasiyada fasiləsiz istehsal həyata keçirən Star neft emalı zavodunun istehsal gücünün artırılması üçün nəzərdə tutulan texniki xidmət dayanması uğurla başa çatıb. Bu dayanma sayəsində zavodun əməliyyat səmərəliliyi artacaq və planlı dayanmalara ehtiyac olmadan növbəti 5 il ərzində fasiləsiz istehsal imkanı verəcək. Planlaşdırılan dayandırma ilə inteqrasiya olaraq həyata keçirilən gücün artırılması layihəsinin başa çatdırılması ilə NEZ-in istehsal gücü 2,5 % artırılıb. Star neft emalı zavodunun ilk planlaşdırılmış texniki dayanacağına təxminən 2 illik ön hazırlıq dövrü sərf edilib. Müvəqqəti dayanma təhlükəsiz və müəyyən edilmiş əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit (OSS-E) standartlarına uyğun olaraq uğurla tamamlanıb.

Planlaşdırılan təmir dayandırılmasını qiymətləndirən “SOCAR Türkiyə”nin Neft Emalı və Neft-Kimya Biznes Vahidinin rəhbəri“Petkim”in baş direktoru Kənan Mirzəyev bildirib: “Star neft emalı zavodunun fəaliyyətə başladığı gündən bəri ilk dəfə olaraq həyata keçirdiyi planlaşdırılan dayandırma işlərini büdcə çərçivəsində və istehsal gücümüzü artıraraq, nəzərdə tutulan vaxtdan əvvəl uğurla tamamladıq. 2018-ci ildə Petkim ilə inteqrasiya olunmuş şəkildə inşa edilən Star neft emalı zavodu ilə Türkiyədə neft-kimya-neft emalı inteqrasiyasının yeganə nümunəsini həyata keçirdik. Star NEZ olaraq Türkiyənin emal olunmuş xam neft ehtiyacının əhəmiyyətli bir hissəsini qarşılamaqla birlikdə, bu gün Petkim-in xammal ehtiyacının demək olar ki, hamısını neft emalı zavodunda istehsal etdiyimiz yüngül nafta ilə qarşılayırıq. Hər fürsətdə qeyd etdiyimiz kimi, SOCAR Türkiyənin uğurlu işini Türkiyə ilə Azərbaycan arasındakı güclü əməkdaşlığın əksi kimi görürük. Ölkələrimizin inkişafı, tərəqqisi və məqsədlərinə uyğun dəyər yaradaraq töhfə verməyə davam edəcəyik.”

Orxan Vahidoğlu, "İki sahil"