01 noyabr 2024 02:59
58

2024-cü ildə iqtisadiyyatın hansı sahələri ölkəmiz üçün daha uğurlu olub?

Cari ilin 9 ayı ərzində qeyri-neft-qaz sektorunda ÜDM-nin həcmi 7,1 faiz artaraq 61,4 milyard manata çatıb

Bu gün dünyada gedən qlobal hərbi- siyasi münaqişələr nəticəsində bir çox ölkələrin iqtisadi inkişafında tənəzzüllər baş vermiş, hətta ciddi geriləmələr nəzərə çarpmışdır. Lakin bütün bunlara rəğmən, hətta qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin və risklərin artması şəraitində 2024-cü ilin yanvar-sentyabr aylarında  Azərbaycanın iqtisadiyyatında artım və şaxələnmə davam etmişdir.

İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkəmizdə 92,8 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir. ÜDM-nin 66,1 faizi qeyri-neft-qaz sektorunun payına düşmüşdür. 2024-cü ilin 9 ayı ərzində əvvəlki ilin müvafiq dövrünə nisbətən qeyri-neft-qaz sektorunda ÜDM –nin həcmi 7,1 faiz  artaraq 61,4 milyard manata çatmışdır.

Eyni zamanda, cari ilin yanvar-sentyabr aylarında tikinti sahəsində 18,2 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 10,6 faiz, informasiya və rabitə sahəsində 12,3 faiz, qeyri-neft-qaz sənayesində 8,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,7 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 3,6 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 16,0 faiz artım əldə olunmuşdur.  İqtisadi uğurların əldə edilməsində qeyri-neft və qaz sektoruna yatırılan sərmayələr də əhəmiyyətli rola malikdir. Bu mənada, 2024-cü ildə əsas kapitala yönəldilmiş investisiyların 67,9 faizi və ya 8627,8 milyon manatı qeyri-neft-qaz sektorunun inkişafına sərf edilmişdir.

Bu gün Azərbaycan dövləti sahibkarlıq subuektlərində istehsal olunan  məhsulların xarici ölkələrə ixracına da geniş miqyasda dəstək göstərir. Hazırda Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin sayı 114- dür və  bu coğrafiya davamlı olaraq genişlənir. «Made in Azerbaijan» brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizm -dəstək tədbirləri həyata keçirilir. Bununla bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır.

Hazırda Azərbaycanda kənd təsərrüfatının inkişafı da dövlətimiz üçün prioritet məsələdir. Çünki bu sahənin inkişafı birmənalı olaraq ərzaq təhlükəsizliyinin təminatına yönəlib. Bu gün Azərbaycanda taxıla olan tələbatın 60 faizi yerli istehsal hesabına ödənilir, qalan 40 faizi isə idxal edilir.

Ancaq dövlətin strateji hədəfi ərzaqlıq buğda ilə təminatı 80 faizə çatdırmaqdır. Buna görə də işğaldan azad edilmiş ənənəvi taxılçılıq rayonlarında əkin sahələrinin həcmini genişləndirməklə qarşıya qoyulan məqsədlərə çatmaq planlaşdırılır.

Bundan başqa, bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Dövlət tərəfindən qarşıya qoyulan əsas məqsəd növbəti 5 il ərzində Qarabağın və Şərqi Zəngəzurun bərəkətli torpaqlarını maldarlıq üçün istifadəyə qaytarmaqla ölkənin ətlə təminatını 100 faiz səviyyəsinə çatdırmaqdır. Ona görə ki, Laçının və Kəlbəcərin yaylaqları, geniş otlaq sahələri də artıq fermerlərin istifadəsinə verilib.

Bir sözlə, Azərbaycan neft və qaz ölkəsi olaraq digər sahələrin də inkişafına nail olan bir ölkədir. Məhz bu səbəbdən də ölkəmiz özünü «Holland sindromu» ( bu, iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım (məsələn, təbii sərvətlər) ilə digər sektorlarda baş verən azalma (məsələn, istehsalat və ya kənd təsərrüfatı) arasındakı əlaqəni göstərən bir termindir) adlanan iqtisadi bəladan nəinki qoruya bilmişdir, hətta ondan yan keçməklə yeni iqtisadi inkişaf modeli yaratmışdır.

Elçin Zaman, «İki sahil»