“Parisin tarixi yalanları təbliğ etməklə Türkiyə və Azərbaycanı ləkələmək cəhdləri uğursuzluğa məhkumdur. Fransadan fərqli olaraq, bizim ölkələrin tarixində utanılası hadisə yoxdur”.
“İki sahil” xəbər verir ki, bu barədə Qalatasaray Universitetinin (Türkiyə) beynəlxalq hüquq üzrə professor Akif Emre Öktem AZƏRTAC-a müsahibəsində deyib.
Alim xüsusən də Fransa və Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində etnik ermənilərin sıxışdırılması ilə bağlı iddialarını absurd adlandırıb. “Azərbaycanın mülki əhaliyə qarşı tətbiq etdiyi heç bir zorakılıq faktı qeydə alınmayıb və bunu beynəlxalq strukturların hesabatları da təsdiq edir. Ermənilər özləri könüllü olaraq bu əraziləri tərk ediblər! Buna görə də istər BMT, istərsə də Avropa İnsan Haqları Məhkəməsi kimi beynəlxalq orqanların iddialarına eyni cavab veriləcək - insanlar özləri Azərbaycanı tərk ediblər və bu, Bakının üzərinə heç bir öhdəlik qoymur”, - deyə agentliyin həmsöhbəti qeyd edib.
1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisələrlə bağlı İrəvan və Parisin Ankaraya qarşı hücumlarına toxunan alim 1948-ci il “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı və 1950-ci il Avropa İnsan Haqları Konvensiyasını xatırladıb.
“Hüquq prinsiplərindən biri qanunvericilik aktlarının və hüquqi aktların geriyə qüvvəsinin olmaması prinsipidir, yəni sənədlərin qəbulu müddətindən əvvəl baş vermiş hadisələr onların təsirinə məruz qala bilməz. Bu, o deməkdir ki, dünyada heç bir məhkəmənin 1915-ci il hadisələrinə əsaslanan iddiaya baxmağa haqqı yoxdur. Bütün digər ifadələrin hamısı siyasi şoudur”, - deyə türkiyəli ekspert bildirib. Akif Emre Öktem ermənilərə qarşı soyqırımı aktının törədilməsinə dair bir dənə də olsun sübut olmadığını və bunun arxiv sənədləri ilə təsdiqləndiyini vurğulayıb.
Professor əlavə edib ki, hətta Fransa və ya digər anti-Türkiyə qüvvələr “qanunun geriyə qüvvəsinin olmaması” prinsipini nəzərə almaqdan hansısa yolla imtinaya nail olsalar belə, nəticədə Qərb dövlətlərinin özləri də zərər görəcəklər. “Türkiyənin qorxmalı olduğu heç nə yoxdur, Qərb ölkələrinin tarixində isə o qədər “qara ləkələr” var ki, sonda qanlı cinayətlərə görə cavab verməli olacaqlar. Bu, xüsusilə Fransanın Əlcəzairdəki qanlı hərəkətləri və ya Britaniya və İtaliya müstəmləkələrindəki cinayətlərlə əlaqəli olacaq. Yəni Türkiyə Beynəlxalq Məhkəmədən qorxmalı ola biləcək sonuncu dövlətdir”, - deyə o qeyd edib.
Öktem futbolla paralellər apararaq, ermənilərin və onların havadarlarının Türkiyə və anti-Azərbaycan bəyanatları məsələsində onların yalnız “tribunalar üçün oynadıqlarını” qeyd edib.
“Beynəlxalq hüququn prinsiplərinə yenidən baxılmasının əleyhinə ilk çıxış edəcək məhz Qərb ölkələri olacaq”, - deyə alim əminliyini bildirib.