02 dekabr 2024 18:01
100

“SOCAR Marine” beynəlxalq “ISCC EU” sertifikatına layiq görülüb

“SOCAR Marine” davamlılıq strategiyasına uyğun olaraq həyata keçirdiyi layihələrə görə “ISCC EU” sertifikatı (Beynəlxalq Dayanıqlılıq Karbon Sertifikatı) qazanıb.

Türkiyənin ən böyük birbaşa xarici investoru və ən böyük inteqrasiya sənaye qrupu olan “SOCAR Türkiyə”nin  törəmə şirkəti olan “SOCAR Marine” bu sertifikatı qazanmaqla beynəlxalq miqyasda biokütlə, bioyanacaq və digər bərpa olunan xammalın davamlı istehsalı və tədarük zəncirindəki qazandığı uğurunu təsdiqləyib. “ISCC EU” sertifikatı təkcə “SOCAR Marine”nin istehsal proseslərində ekoloji və sosial məsuliyyətə sadiqliyini sənədləşdirmir. Bu, şəffaf və davamlı qlobal təchizat zəncirinə töhfə verdiyini də ortaya qoyur.

Bu sertifikat “SOCAR Marine”nin ekoloji dayanıqlığını, eləcə də sosial və iqtisadi davamlılıq məqsədlərinə sadiqliyini dəstəkləyən vahid yanaşma ilə biokütlə ticarətinə imkan verir.

Petkim “ISCC PLUS” sertifikatına malikdir

“SOCAR Türkiyə”nin qrup şirkətlərindən olan Petkim 2022-ci ildən etibarən “ISCC PLUS” sertifikatı ilə davamlılıq sahəsində aparıcı rol oynayır. Petkim bütün təchizat zəncirində dayanıqlı xammaldan istehsal olunan məhsulların izlənilməsinə şəffaf zəmanət verir.

Petkim istifadə olunmuş yemək yağlarından və plastik tullantılardan əldə edilən nafta törəmələrini kütlə balansı metodologiyası ilə emal etməklə məhsullar istehsal edir. Bu kontekstdə Etilen, Propilen, LDPE, PP, ACN, Benzol, C5 və Ksilen kimi aşağı karbonlu məhsullarla davamlı istehsalı dəstəkləyir.

Orxan Vahidoğlu, “İki sahil”