Arzu Cavadova ali təhsilini 1984-1989-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (ANKİ) geoloji-kəşfiyyat fakültəsində alıb. 1990-1994-cü illərdə ANKİ-nin "Neft ve qaz yataqlarının axtarışı və kəşfiyyatı" kafedrasının nəzdində aspiranturada oxuyub. Əmak fəaliyyətinə 1985-ci ildə təhsil aldığı institutda başlayıb. 1985-1996-cı illərdə burada müxtəlif vəzifələrdə çalışıb. 1996-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərineftinformatika" hesablama mərkəzində mühəndis, 1997-ci ildə Dənizdə neft və qazçıxarma İstehsalat Birliyinin mərkəzi laboratoriyasında geokimyaçı-qrup rəhbəri, Dənizdə neft və qaz yataqlarının işlənməsinə nəzarət ekspedisiyasının Neft-geokimya qrupunun rəhbəri olub.
1997-1999-cu illərdə ABŞ-nin "Frontera Resources" neft şirkətində baş geoloq, 1999-2003-cü illərdə "Salyan Oil" şirkətində aparıcı və işlənmə üzrə geoloq, 2003-2007-ci illərdə isə "Delta Hess ACG" şirkətində geoloji işlər üzrə baş mütəxəssis vəzifələrində çalışıb. 2007-2022-ci illərdə "BP Exploration (Caspian Sea Ltd.)" şirkətinin kəşfiyyat şöbəsində baş geoloq, qrup rəhbəri, geoloji kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə analitik vəzifələrində fəaliyyət göstərib. 2022-ci ildə SOCAR-ın baş geoloqu vəzifəsində fəaliyyətini davam etdirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub. Geologiya, mineralogiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə sahibdir. 50-dən artıq elmi məqalə və 2 elmi ixtiranın müəllifidir. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Orxan Vahidoğlu, "İki sahil"