10 dekabr 2024 12:56
545

Avropa İttifaqı dürüst davranmalı, ikili standartlardan çıxış etməməlidir - POLİTOLOQDAN AÇIQLAMA

Azərbaycan hər zaman Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verib. Ölkəmiz Avropa İttifaqı ilə münasibətlərdə bərabər tərəfdaş qismində çıxış etməyi hər zaman təklif edib və ölkəmizin bununla bağlı çox sarsılmaz, dəqiq və qəti mövqeləri mövcuddur. Azərbaycanın Avropa İttifaqı ilə bərabər tərəfdaşlıq imkanlarını daim təşviq etməsi ölkəmizin Qərb təsisatları ilə münasibətlərdəki obyektivliyini və dürüstlüyünü növbəti dəfə nümayiş etdirir. İndi Avropa İttifaqının da üzərinə düşən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanla münasibətlərdə aydın bir xətt nümayiş etdirsin. Cənab Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti kimi fəaliyyətə başlayan Antonio Koştaya və eyni zamanda, həm də Avropa Komissiyasının prezidenti kimi fəaliyyət göstərən Ursula Fon der Lyayenə təbrik məktublarında da Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərdəki münasibətlərə önəm verməsi bir daha aydın olur.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirdi.

Eskpert qeyd etdi ki,  sadəcə olaraq, ölkəmiz hər zaman Avropa İttifaqından bərabər tərəflər prinsipinə sadiqlik gözləyirdi və Avropa İttifaqının da bu məsələdə üzərinə düşən ən böyük öhdəlik məhz Azərbaycana bərabər tərəf kimi normal münasibətlər prizmasından yanaşmasıdır. Bu gün əgər, Avropa İttifaqı enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əlaqələri dərinləşdiribsə, ölkəmizin Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində vacib sazişləri və layihələri mövcuddursa, digər bir çox siyasi məsələlərdə də Avropa İttifaqı dürüst davranmalıdır. Azərbaycana qarşı ikili standartlardan çıxış etməməlidir. Ən azından həm Avropa İttifaqı Şurasının, həm də Avropa Komissiyasının yeni sədrlərinə cənab Prezident tərəfindən ünvanlanan təbrik mesajında da Azərbaycanın mövqeləri bir daha aydın formada izah edilir.

Səbinə Kazımova, “İki sahil”